Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Avropanın 3 şəhəri innovasiya paytaxtı seçilib
Dünyanın innovasiya paytaxtlarının finalçıları bəlli olub. “İ-paytaxt” müsabiqəsində 3 finalçı müəyyənləşib. Onlar İspaniyanın Barselona, Fransanın Qrenobl və Hollandiyanın Qroningen şəhərləridir. Bu şəhərlərə 500 min avro həcmində mükafat cari ilin 10-11 martında Brüsseldə keçiriləcək Avropanın baş innovasiya tədbirində təqdim olunacaq.
Sözügedən müsabiqə barəsində mətbuata açıqlama verən İnnovasiya və elm məsələləri üzrə avrokomissar Mare Qeqin-Kuin “i-paytaxt” yarışında iştirak edən bütün şəhərlərə təşəkkürünü bildirib. Onun sözlərinə görə, müsabiqədə konkursun yüksək olması Avropada innovasiyanı irəli çəkmək üçün yerli səviyyədə çox böyük işlərin görüldüyünü göstərib: “Əminəm ki, bu tədbirlər Avropa İttifaqının inkişafına və iş yerlərinin açılmasına öz töhfəsini verəcəkdir".
Məlumat üçün bildirək ki, üç finalçı müstəqil ekspertlər qrupu tərəfindən son 6 iştirakçı arasından ən yaxşı "innovasiya ekosistemi”nin qurulması siyasətləri və nailiyyətləri əsasında seçiliblər. Barselona yeni texnologiyalardan istifadə etməklə şəhəri vətəndaşlara daha da yaxınlaşdırıb. Qrenobl yerli birgə fəaliyyət nəticəsində elmi və texnoloji yüksək nailiyyətlərə investisiya qoyub. Qroningen isə istifadəçi yönümlü “ağıllı enerji ekosistemi”nin təkmilləşdirilməsində yeni konsepsiyalar, alətlər və proseslərdən istifadə edib.
Seymur
24/02/14 Çap et