Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google Sketch Up proqramında 3D modelinin hazırlanması” müsabiqəsinin ən orijinal obyekti Bibiheybət məscidi oldu


Bakı məktəbliləri arasında keçirilən “Google SketchUp” proqramında ən yaxşı üçölçülü model” müsabiqəsi başa çatıb. Paytaxtın 283 saylı məktəbində baş tutan tədbirdə müsabiqə qalibləri diplom və hədiyyələrlə mükafatlandırılıblar.
 
 
 Təşkilat Komitəsinin nümayəndəsi, “http://www.informatik.az/” saytının rəhbəri, əməkdar müəllimə Naidə İsayevanın sözlərinə görə, iştirakçılardan müsabiqənin davam etdiyi 1,5 saat ərzində fotoşəkildə göstərilmiş obyektin “3D” modelinin hazırlanması tələb olunub. İştirakçılara qarşı irəli sürülən digər tələblərə gəlincə, 7-ci siniflər olmaqla, hər məktəbdən ancaq bir şagird müsabiqədə iştirak edə bilərdi. Həmin şagird məktəbin seçmə turunun qalibi olmalı idi. Təqdim edilən işlər ekspertlər tərəfindən qiymətləndirilib ki, onların seçim meyarlarına da modelin orijinala uyğunluğu, xarici görünüş, minimum hazır komponentlərdən istifadə kimi şərtlər daxildir.
 
 
Beləliklə, müsabiqədə 14 məktəbin şagirdi iştirak edib. Püşkatma yolu ilə orijinal obyekt Bibiheybət məscidi seçilib. Münsiflər heyətinin qərarına əsasən, 1-ci yerin qalibi 136 saylı məktəbin şagirdi Məhəmməd Heydərov, 2-ci yerin qalibi 264 saylı məktəb-liseyin şagirdi Akif  Kərimov, 3-çü yerin qalibi isə  63 saylı məktəbin şagirdi Fərid Məlikəjdərov seçilib:
 
 
“Qeyd etmək lazımdır ki, bütün şagirdlər bu işə çox məsuliyyətli yanaşmışdır. Onların iş bacarıqları yüksək səviyyədə idi. Hiss olunur ki, müəllimlər şagirdlərlə daha yaxşı məşğul olub, bu müsabiqəyə ciddi hazırlaşıblar. Müsabiqədə iştirak edən bütün şagirdləri təbrik edir, onlara gələcəkdə daha maraqlı işlər hazırlamağı arzulayırıq”.
 
N.İsayeva gələcəkdə müsabiqənin əhatə dairəsinin genişləndiriləcəyinin nəzərdə tutulduğunu da deyib: “Münsiflər heyətinin üzvləri və müsabiqədə iştirak edən müəllimlər bu müsabiqənin respublika miqyasında keçirilməsi haqqında öz fikirlərini söyləmişdilər. Qərara gəldik ki, müsabiqə regionların müəyyən dayaq  mərkəzlərində keçirilsin və bir vahid mərkəzdən - Bakıdan koordinasiya olunsun”.
 
 
Əməkdar müəllimə qeyd edib ki, “İnformatika” fənnində xüsusi istedadları ilə seçilən bəzi şagirdlər məktəb proqramı ilə kifayətlənmir, yeni texnologiyaların öyrənilməsi, müasir proqramlarda müxtəlif layihələrin hazırlanmasına maraq göstərirlər: “Bu şagirdlər çox zaman öz işlərini təqdim etmək, onları müzakirə etmək üçün vasitə axtarırlar və bu işdə çətinlik çəkirlər. Bu layihələrin açıq şəkildə təqdim edilməsinin həm şagirdlər, həm müəllimlər, həm də ictimaiyyət üçün böyük əhəmiyyəti var. Hər bir şagird cəmiyyətin bir üzvü kimi yaratdığı məhsulun qiymətini almalıdır. Biz müəllimlərin borcu isə təşəbbüskar şagirdləri həvəsləndirmək, onların yaradıcılıq potensiallarını reallaşdırmaq və inkişaf etdirmək məqsədilə bu şagirdləri daha geniş həcmli layihələrə cəlb etməkdir.  Bu məqsədlə saytımızda – “http://www.informatik.az/”-da “Şagirdlərin yaradıcılığı” adlı xüsusi səhifə yaradılıb. Burada şagirdlərin hazırladıqları elektron resurslar və yaratdıqları saytlara istinadlar yerləşdirilib. Bu layihələrin yerinə yetirilmə səviyyəsi və ya professionallıq meyarları bizi maraqlandırmamalıdır. Əsas məqsəd bu cür layihələrə daha çox şagirdlərin cəlb edilməsidir”.
 
Həqiqət İSABALAYEVA




24/02/14    Çap et