Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

"Nokia” şirkəti “Android” sistemli ilk smartfonlarını təqdim edib


Finlandiyanın "Nokia" şirkəti fevralın 24-də keçirilən mətbuat konfransında "Android" əməliyyat sisteminin idarəetməsi ilə işləyən ilk "Nokia X", "Nokia X+" və "Nokia XL" smartfon modellərini təqdim edib.

Smartfonlarda "Android" üçün yazılan proqramları quraşdırmaq mümkündür. Bu halda qurğular "Google" servisləri ilə deyil, "Nokia" və "Microsoft"un xidmətləri (məsələn, Here xəritələri, OneDrive fayl saxlancı (keçmiş SkyDrive) və Outlook.com poçtu) ilə işləyir.

Qurğuların "Android"in "Google Play" internet mağazasına çıxış imkanına malik olmadığına görə proqramları kənar mağazalardan, eləcə də "Nokia Store" mağazasından yükləmək olar.
Smartfonların işlədiyi əməliyyat sistemi "Android Open Source Project" (AOSP) əsasında yaradılıb. Aparatlarda "Android" yox, "Windows Phone" istifadəçi interfeysi quraşdırılıb.

"TechCrunch" nəşri "Nokia" nümayəndələrinə istinadən qeyd edir ki, "Android" əlavələrinin yalnız 75 faizi qurğular ilə uyğunluq təşkil edir.  

4 düymlü ekranla təchiz edilən "Nokia X" və "Nokia X+" demək olar, oxşar modellərdir. Modellər arasında fərq yalnız "Nokia X+"-un yaddaş tutumunun çox olmasındadır. Hər iki qurğuda ikinüvəli prosessordan və 3 meqapikselli kameradan istifadə olunub. "Nokia XL" 5 düymlü ekran və 5 meqapikselli kamera ilə təchiz edilib.
Fevralın 24-dən etibarən satışa çıxarılacaq "Nokia X" smartfonunun qiyməti 89 avroya bərabər olacaq.
Qiymətləri müvafiq olaraq 99 və 109 avro təşkil edəcək "Nokia X" və "Nokia XL" apreldə satışa çıxarılacaq. "Lumia" qurğuları kimi smartfonları müxtəlif rəngli korpuslarda əldə etmək mümkün olacaq.

Qeyd edək ki, "Nokia" şirkəti əvvəllər "Symbian" əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğuların istehsalı ilə məşğul olub. Lakin 2011-ci ildə "Microsoft" korporasiyasının tərəfdaşı olduqdan sonra "Windows Phone" platformasından istifadəyə başlayıb. Sonradan - 2013-cü ildə "Microsoft" korporasiyası "Nokia"nın mobil biznesini satın alıb, - "Lenta www.lenta.ru" yazır.




25/02/14    Çap et