Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində Xocalı faciəsinin qurbanlarının xatirəsi anılıb
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) Xocalı faciəsinin 22-ci ildönümü ilə əlaqədar faciə qurbanlarının xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.
Tədbirdən əvvəl RİTN-in vestibülündə Xocalı faciəsinin qurbanlarının əziz xatirəsini əks etdirən stendin qarşısına gül dəstələri düzülüb. Daha sonra soyqırımı nəticəsində həyatlarını itirən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərasimdə çıxış edən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov tarix boyu erməni separatçıları və qəsbkarları tərəfindən xalqımıza qarşı törədilmiş və Azərbaycan xalqının qan yaddaşında silinməz izlər buraxan saysız-hesabsız faciələri xatırladaraq, Xocalı soyqırımının bəşəriyyətdə insanlıq tarixinə yazılan ən qanlı faciələrdən biri olduğunu vurğulayıb.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə xalqımıza qarşı xüsusi amansızlıqla həyata keçirilmiş dəhşətli hadisənin beynəlxalq müstəvidə tanıdılması və erməni faşizminin ifşasından da söz açan nazir qeyd edib ki, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul edib, Azərbaycan parlamenti BMT-yə, dünya dövlətlərinə ünvanladığı müraciətdə bu qətliamın mahiyyətini açıqlayaraq beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı təsirli tədbirlər görməyə çağırıb.
Həmçinin prezident İlham Əliyevin diplomatik siyasətinin nəticəsində Pakistan, Meksika, Rumıniya, Çex Respublikası, Bosniya-Herseqovina, İordaniya dövlətlərinin parlamentləri və ABŞ-ın 16 ştatının qanunverici orqanı Xocalı faciəsinin soyqırımı kimi tanınması haqqında qərar qəbul ediblər.
Faciənin beynəlxalq ictimaiyyətə çatdırılmasında və təbliğat işinin aparılmasında Heydər Əliyev Fondunun, həmçinin 2009-cu ildə Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət” beynəlxalq kampaniyasının müstəsna rolu var.
Tədbirdə qeyd edilib ki, bu qətliam zamanı Azərbaycan xalqı yüzlərlə şəhid verib, 613 nəfər Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib, 1275 xocalılı əsir, 150 xocalılı itkin düşüb. Onların arasında rabitəçilər də olub.
Faciənin dəhşətini yaşayan Xocalı sakinləri, rabitəçilər Dürdanə Ağayeva əsir həyatında gördüyü vəhşilikləri, Əsli Məmmədova isə verdiyi 28 şəhiddən 16-sının ən yaxın ailə üzvləri olduğunu xatırladaraq, amansız qətliamın həyatlarında qoyduğu unudulmaz izləri dilə gətirib. Şəhid ailələri 22 il ərzində dövlət və nazirlik tərəfindən onlara verilən dəstəkdən məmnunluqlarını bildiriblər.
Mərasimin sonunda Xocalı rabitəçiləri ilə görüşən nazir Əli Abbasov onların sosial qayğıları ilə təkbətək maraqlanıb, göstərilən dəstəyin bundan sonda da davam etdiriləcəyini bildirib.
25/02/14 Çap et