Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Elektron Təhlükəsizlik Mərkəzi “YouTube” ilə bağlı cəmiyyətə tövsiyələrini verdi


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzi “YouTube” portalında təhlükəsizlik məsələləri ilə bağlı yerli istifadəçilərə müraciət edib.
 
"ICTnews" elektron xəbər xidmətinin əldə etdiyi məlumata görə, istifadəçilərin virtual məkanda təhlükəsizliyinə dair tövsiyələrin əks olunduğu müraciətdə “YouTube” ilə bağlı ən çox müzakirə olunan suallar öz əksini tapıb.
 
Tövsiyə xarakteri daşıyan məlumatda sözügedən saytda istifadəçilərin görmək istəmədikləri videoların silinməsinə dair ardıcıl təlimatlar qeyd olunub. Hər bir şəxs xoşlamadığı və ya arzulamadığı videoların tez zamanda “YouTube”-dan silinməsi üçün “şikayət et” bölməsindən istifadə etməklə həmin videonu sayt administrasiyasına məlumat verə bilər:
 
Hazırda dünyanın ən məşhur videoportalı “YouTube” hesab olunur. Lakin bəzən burada sizin hüquqlarınızı pozan və ya əxlaq normalarına zidd olan videoməzmunlar yerləşdirilir. Bu cür videoların silinməsi üçün sayt administrasiyasına məlumat vermək mümkündür. Şikayət səbəbini əsaslandıraraq tez bir zamanda həmin videonun silinməsini təmin etmək olar. Şikayət etmək üçün ilk olaraq şəxs özünün “Google” hesabı ilə “YouTube”-a daxil olmalıdır. Şikayət etmək istədiyi videonu “YouTube”da tapıb  həmin görüntünü məzmunun aşağı sağ tərəfində və bayraq formasında olan işarəyə klik etməlidir.  
 
Bundan sonra açılmış sorğu pəncərəsində şikayət etmək üçün səbəblərgörünəcək. Burada səbəbi seçdikdən sonra açılmış yeni sorğu pəncərəsində yenidən şikayət səbəbi dəqiqləşdirilməlidir. Şikayətçilər istədiyi təqdirdə sorğunun sağ tərəfində öz fikirlərini də qeyd edə və şikayət etmə səbəbini daha da əsaslandıra bilər.  Bütün bunlar icra edildikdən sonra “sorğunu göndər” əmri verilməlidir. Şikayətə “YouTube” administrasiyası tərəfindən baxıldıqdan sonra bu barədə şikayətçinin “Google” hesabına hansı tədbirin görüldüyü barədə məlumat göndəriləcək.

Seymur Qasımbəyli
 




26/02/14    Çap et