Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Xarici sərmayədarlar Azərbaycanın internet bazarına maraq göstərir
Azərbaycanın informasiya-kommunikasiya texnologiyaları sahəsində əldə etdiyi nailiyyətlər dünyanın bir çox iri şirkətlərinin diqqətini çəkməyə başlayıb.
Xüsusilə də ölkədə internet bazarının genişlənməsi, beynəlxalq şəbəkəyə daxil olanların sayının kəskin artması xarici investorları özünə cəlb edib.
"ICTnews" elektron xəbər xidmətinin əldə etdiyi məlumata görə, növbəti xarici sərmayə onlayn yemək sifarişi sahəsinə qoyulub.
Belə ki, onlayn yemək sifarişi sahəsində iki ildir fəaliyyət göstərən "Nuush.az"-a qlobal brend olan "Foodpanda.az" da qoşulub.
Qeyd edək ki, "Foodpanda" "Rocket Internet"in proyektidir. Şirkət dünyanın bir çox ölkəsində onlayn yemək sifarişlərini həyata keçirir. Hazırda adıçəkilən şirkət 20 milyon dollar dəyərində yeni investisiya cəlb edib. Yatırılan məbləğlə 40-a yaxın bazara çıxış və genişlənmə imkanı əldə ediləcək. Yayılan informasiyalara görə, növbəti həftələrdə "Foodpanda" Xorvatiya, Bolqarıstan, Serbiya, Sloveniya, Qazaxıstan, Azərbaycan, Tanzaniya və Uqandaya qədər genişlənəcək.
Məlumat üçün bildirək ki, ötən il "Foodpanda" 20-yə yaxın ölkədə fəaliyyətə başlayıb və veb-saytdan əlavə "iOS" və "Android" üçün mobil tətbiqetmələri istifadəyə verib. 2012-ci ildən etibarən fəaliyyətə başlayan "Foodpanda"nın topladığı ümumi gəliri 48 milyon dollara çatıb. Şirkət 2013-cü ilin mayında həm "Phenomen Ventures"-dən, həm də "İnvestment AB Kinnevik"dən 20 milyon dollar dəyərində, həmin ilin sentyabrında isə "iMENA Holdings"dən 8 milyon dollar dəyərində investisiya cəlb edə bilib. Məlumatlara görə, "AB Kinnevik" və "iMENA Holdings" "Rocket İnternet" -də yeni fəaliyyətə başlayan şirkətlərin daimi sərmayədarlarıdır. İsveçdə yerləşən "AB Kinnevik" hazırda "Cənub-Şərqi Asiyanın Amazonu" kimi tanınan Lazada kimi şirkətlərə investisiyalar yatırır.
"iMENA", adından da göründüyü kimi, əsasən Yaxın Şərqdə və Şimali Afrikada mərkəzləşib.
O baxımdan digər "Rocket İnternet" şirkətləri kimi, "Foodpanda" da Şərqi Avropa, Asiya, Latın Amerikası və Afrikada yaranan bazarlara fokuslanmaq niyyətindədir. Bu ölkələrdə fəaliyyətə başlamaq ucuz başa gəlir və həmçinin "Rocket İnternet"in kütləvi müştəri xidməti və logistika şəbəkəsi yaratmasına da imkan yaradır. Bu, sonradan yeni yaranan şirkətlərin müxtəlif istiqamətlərdə genişlənməsinə də kömək edəcək.
Göründüyü kimi, Azərbaycan da daxil olmaqla yeni 8 bazar üçün 20 milyon dollar investisiya ayrılıb. Bu isə Azərbaycan üçün təqribən 2-3 milyon dollar arasında maliyyə deməkdir. Həmin məbləğ də kifayət qədər böyük hesab olunur.
Seymur
26/02/14 Çap et