Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Təhsildə interaktiv texnologiyalar - 2014” müsabiqəsi elan edilib
Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu (TPİ) ABŞ-ın "DYMO/Mimio" şirkətinin Azərbaycandakı rəsmi nümayəndəliyi - "Smart Technologies" ilə birgə ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 illik yubileyinə həsr olunmuş "İnteraktiv texnologiyalar və müasir təhsil - 2014" elmi-praktik konfrans çərçivəsində "Təhsildə interaktiv texnologiyalar - 2014" müsabiqəsini elan edir.
Bu barədə məlumat verən TPİ-dən qeyd edilib ki, dərs prosesində tədrisin interaktiv formalarından geniş istifadəsi müasir təhsilin əsas tələblərindən biridir. Əsas metodiki innovasiyalar məhz bu cür metodların tətbiqi ilə bağlıdır:
"Tədris müəssisələrində istifadə olunan interaktiv avadanlığın və proqram təminatının imkanları interaktiv tədris metodlarının inkişafı üçün son dərəcə əhəmiyyətlidir. İnteraktiv texnologiyalardan səmərəli istifadə keyfiyyət baxımından yeni tədris metodlarının reallaşdırılmasını zəruri edən təhsil mühitinin formalaşmasına kömək edir. Öz peşəkar fəaliyyətində interaktiv texnologiyalardan istifadə edən müəllimlərin, tərbiyəçilərin, mütəxəssislərin sayı gündən-günə artır. Tədris prosesində interaktiv qurğu və lövhələrlə bərabər, digər avadanlıqlardan da - interaktiv sənəd kameralarından, interaktiv planşetlərdən, interaktiv qiymətləndirmə sistemlərindən istifadə olunur, xüsusi proqram təminatı mənimsənilir və rəqəmsal interaktiv tədris materialları yaradılır".
Bu baxımdan "Təhsildə interaktiv texnologiyalar – 2014" müsabiqəsi müəllimlərə yeni imkanlar yaradacaq. Müsabiqənin məqsədi də interaktiv lövhə vasitəsilə yeni təlim metod və formaların tətbiqi, tədris prosesində yeni informasiya və interaktiv texnologiyaları fəal tətbiq edən təşəbbüskar müəllimlər icmasının inkişafı, interaktiv avadanlıqla bağlı innovativ pedaqoji təcrübənin geniş yayılması və onun müəllimlərin gündəlik fəaliyyətində tətbiqi, pedaqoji kadrların interaktiv tədris sahəsində peşəkarlıqlarının artırılmasıdır.
Burada interaktiv texnologiyaların, fəal təlim üsullarının tətbiqi əsasında qurulan dərslərin və bu sahədə toplanmış təcrübənin nümayişi, peşəkar fəaliyyətlərində interaktiv texnologiyalardan fəal istifadə edən müəllimlərin təşviqi və dəstəklənməsi, istifadəyə hazır olan keyfiyyətli interaktiv tədris, rəqəmsal milli resurs bazasının genişləndirilməsi nəzərdə tutulur.
Müsabiqədə məktəbəqədər, orta, peşə ixtisası, ali, əlavə və inklüziv təhsil üzrə müəllim və mütəxəssislər, bütün növ təhsil müəssisələrində çalışan mütəxəssislər, tələbələr iştirak edə bilər. Layihələr bütün fənlər üzrə qəbul olunur.
Müsabiqədə iştirak üçün iş bir müəllif və ya müəlliflər qrupu tərəfindən təqdim oluna bilər, həmçinin bir müəllif və ya müəlliflər qrupu tərəfindən ancaq bir layihə təqdim oluna bilər. Müəlliflər qrupunun tərkibi isə 3 nəfərdən artıq ola bilməz. Müsabiqə materialı iki hissədən ibarətdir. Birinci hissədə dərsin planı ".doc" və ya ".docx" uzantısı olan fayl şəklində (250 sözdən artıq olmamaq şərti ilə, şrift - 14 kegl) təqdim olunur. İkinci hissədə rəqəmsal interaktiv dərs layihəsi interaktiv avadanlıq üçün hazırlanmış xüsusi proqram təminatı – "Mimio Studio" vasitəsilə tərtib edilərək iki nüsxədə CD-də təqdim olunmalıdır. Layihənin həcmi 10 megabaytdan, slaydların sayı isə 15-dən az, 17-dən çox olmamalıdır. Müsabiqə materiallarının hər iki hissəsi rəqəmsal formatda kompakt diskdə təqdim olunmalıdır. CD-i yerləşdirilən zərfə mütləq müəllif və müsabiqəyə təqdim olunan iş barəsində məlumatları əks etdirən müraciət kağızda çap olunaraq qoşulmalıdır.
Materiallar şəxsən, yaxud "Azərpoçt" vasitəsilə Təşkilat Komitəsinə təqdim olunmalıdır. Təşkilat Komitəsindən qeyd edilib ki, elektron poçt vasitəsilə göndərilən materiallar müsabiqəyə qəbul olunmayacaq, müsabiqə qaydalarına və tələblərinə cavab verməyən materiallara baxılmayacaq. Həmçinin müsabiqədə məhz bu müsabiqə üçün hazırlanmış, yəni əvvəllər başqa müsabiqələrə təqdim olunmayan və hər hansı mənbələrdə dərc olunmayan layihələr iştirak edə bilər.
Müsabiqəyə istənilən dərs mövzusu (fənn) üzrə fəal təlim metodları və interaktiv avadanlıqlardan istifadə edilərək qurulan dərsin rəqəmsal layihəsi təqdim oluna bilər. Müsabiqədə iştirak etmək üçün müraciət və müsabiqə materialları (rəqəmsal interaktiv dərs layihəsi və interaktiv dərs qurulmasının planı) 5 aprel 2014-cü il tarixindən gec olmayaraq Təşkilat Komitəsinə (Azərbaycan, Bakı, Xətai prospekti, 38) çatdırılmalıdır. Müsabiqəyə təqdim olunan və müsabiqə qaydalarına cavab verən layihələrin müəlliflərinə "Təhsildə interaktiv texnologiyalar - 2014" müsabiqəsinin iştirakçı Setifikatları verilir. Müsabiqəyə 1 mart 2014-cü il tarixində start verilir.
Müsabiqənin finalı və qaliblərin mükafatlandırılması 6 may 2014-cü il tarixində - "İnteraktiv texnologiyalar və müasir təhsil - 2014" Elmi-praktik konfransın işi zamanı keçiriləcək. Birinci mərhələ - seçim mərhələsi 1 mart – 30 aprel 2014-cü il tarixlərində aparılacaq. 30 aprel 2014-cü il tarixdə birinci mərhələnin qaliblərinin adları elan olunacaq. Müsabiqənin birinci mərhələsindən keçən layihələrin (10 iş) müəllifləri "Təhsildə interaktiv texnologiyalar - 2014" müsabiqəsinin birinci mərhələsinin qalibi diplomu ilə təltif olunur. Müsabiqənin ikinci – yekun mərhələsi əyani şəkildə "İnteraktiv texnologiyalar və müasir təhsil - 2014" elmi-praktiki konfrans çərçivəsində keçiriləcək.
Bu mərhələ 5-6 may tarixlərini əhatə edir. Finala çıxmış layihələrin müəllifləri tərəfindən təqdimatı və müdafiəsi konfrans zamanı təşkil olunacaq. İkinci mərhələyə çıxmış işlərin müəllifləri münsiflər heyəti və konfrans iştirakçıları qarşısında öz layihələrini təqdim edərək müdafiə edəcəklər.
Müsabiqə qalibləri bilavasitə konfrans zamanı münsiflər heyətinin səsverməsi nəticəsində müəyyən olunacaq. Xüsusi qiymətləndirmə meyarlarına uyğun olaraq (10 ballıq qiymətləndirmə sistemi üzrə) 1-ci, 2-ci və 3-cü yerlər üzrə qaliblər müəyyən olunacaq.
Müsabiqənin qalibləri konfransın son iş günü – 6 may tarixində "Təhsildə interaktiv texnologiyalar - 2014" diplom və qiymətli hədiyyələr ilə (1-ci yer Mimio Teach İnteraktiv qurğusu (elektron lövhə), 2-ci yer Mimio View İnteraktiv Sənəd Kamerası, 3-cü yer Mimio Pad İnteraktiv Planşet) təltif olunacaqlar.
Həqiqət İSABALAYEVA
27/02/14 Çap et