Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Xəzər Universitetində “Cisco” laboratoriyası fəaliyyətə başlayır


Xəzər Universiteti nəzdində fəaliyyət göstərən İnternet İnstitutunda “Cisco” laboratoriyası fəaliyyətə başlayır.
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, laboratoriyada tələbələrin sərbəst çalışaraq “ICND1”, “ICND2”, “CCENT” və “CCNA” beynəlxalq sertifikatları almaları üçün müvafiq şərait yaradılıb.
 
Laboratoriyada tələbələr elektron materiallarla (kitablar, videodərsliklər), test etmək üçün “Cisco” şirkətinin “Switch” və “Router” ilə, əlavə olaraq administratorluq mühitinin simulyasiyası üçün “1U HP” serverləri ilə, şəbəkə kabelləri, montaj üçün alətlər ilə işləyə biləcəklər.
 
Laboratoriyada işləmək üçün tələbə minimum şəbəkə kabellərini montaj etməyi bilməlidir, şəbəkə kabelinin montajı üçün tələbə test sınağından keçməlidir, sərbəst öyrənmək həvəsi və həftədə ən azı 2 dəfə laboratoriyada məşğul olmaq üçün vaxtı olmalıdır. Eyni vaxtda maksimum 5 tələbə hazırlaşa bilər.
 
Hazırlıq proqramı “Şəbəkələrin əsası”, “Ethernet protokolu”, “Lokal şəbəkələrarası əlaqənin qurulması”, “Qlobal şəbəkə texnologiyası”, “Şəbəkə əhatəsindəki qurğuların idarə edilməsi” fənlərini daxil edir.
 
“Cisco” laboratoriyasında hazırlaşmaq istəyən tələbələr mart ayının sonunadək İnternet İnstitutuna (Neftçilər kampusu, köhnə bina, otaq 310) müraciət edə bilərlər. Hazırlıq mərhələsi aprel və may aylarında olacaq.
 
Aynur Vəliyeva




27/02/14    Çap et