ABŞ hakimiyyəti zənglər haqqında məlumatları 5 ildən çox saxlamaq xahişi ilə məhkəməyə müraciət edib
ABŞ administrasiyası Milli Təhlükəsizlik Agentliyi (MTA) tərəfindən amerikalıların etdiyi telefon zəngləri haqqında toplanan məlumatların 5 ildən artıq müddətə saxlanılmasına icazə üçün məhkəməyə müraciət edib. Bu barədə “Wall Street Journal” qəzeti məlumat verib.
Administrasiya bunu onunla əsaslandırır ki, məlumatların daha uzun müddətə saxlanılması zənglər haqqında yazıların öyrənilməsini tələb edən hüquq müdafiə təşkilatlarının məhkəmə iddialarına cavab üçün lazımdır. Bununla yanaşı, MTA analitiklərinə köhnə zənglərin məlumat bazasında axtarış aparmaq qadağan olunacaq.
Amerika Vətəndaş Azadlıqları İttifaqının (ACLU) nümayəndəsi bildirib ki, hakimiyyətin fəaliyyəti yalnız diqqəti yayındırmaq üçün edilən manevrdir və hüquq müdafiəçiləri köhnə məlumatların məhv olunmasına qarşı deyil. Cari ilin yanvarında ABŞ prezidenti Barak Obama bəyan edib ki, hakimiyyət bundan sonra məlumat bazasını saxlamayacaq və ona nəzarəti həyata keçirməməklə bu işi telefon operatorlarına həvalə edəcək, lakin zənglər haqqında məlumatların axtarılması imkanını özündə saxlayacaq.
Məlumat üçün qeyd edək ki, telefon dinləmələri proqramları ilə bağlı ictimai müzakirələr 2013-cü ilin yayında xüsusi xidmət orqanlarının keçmiş əməkdaşı Edvard Snoudenin belə proqramların mövcudluğu haqqında məlumat verməsindən sonra başlayıb. Onun açıqladığı məlumatlar arasında ABŞ xüsusi xidmət orqanlarının dünyada yüzlərlə telefon zəngi haqqında məlumat toplaması, xarici dövlət rəhbərlərinin telefonlarını dinləməsi, eləcə də elektron poçt və sosial şəbəkələrdə məlumatları ələ keçirərək təhlil etməsi ilə bağlı informasiyalar xüsusi qeyd edilir, - “Digit.
www.digit.ru” yazır.