Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Məşhur nağıllarımız planşet, kompüter və smartfonlara uyğunlaşdırılır


Kompüter Oyunları Milli Assosiasiyası (AzKOMA) Azərbaycan Gənclər Fondunun (AGF) dəstəyi ilə “Mədəni irs və müasir informasiya-kommunikasiya texnologiyaları: interaktiv nağıllar” layihəsinin ikinci mərhələsi artıq başa çatıb.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, layihənin ikinci mərhələsi çərçivəsində “Qızıl ilan” və “Təlimli pişik” nağılları ərsəyə gətirilib.  
 
Layihənin maliyyələşdirilməsi AGF tərəfindən həyata keçirilib. Layihə çərçivəsində hazırlanmış interaktiv nağıllar azyaşlıların və yeniyetmələrin maariflənməsi və inkişafına yönəldilib.
 
İnteraktiv nağıllar dünyada geniş istifadə olunan “touch screen” imkanlarını dəstəkləyən platformalara uyğun hazırlanıb. Nağılların planşet kompüter və smartfonlar da daxil olmaqla ən müasir texnologiyaların vasitəsilə izlənilməsi mümkündür.
 
Bu layihənin unikallığı nağılları izləyən uşağın özünü orada baş verən proseslərin iştirakçısı kimi hiss etməsi, istədiyi əşyaya toxuna və ekranda baş verənlərə birbaşa müdaxilə edə bilməsidir. Üstəlik, nağılları səssiz izləmək də mümkündür. Belə ki, uşaqlar interaktiv cizgi filminin səsini (nağılın süjetinin gedişatının audio səslənməsi dayandırıldıqdan sonra) tam almaqla subtitrlərin köməyilə nağılı özləri oxuya bilərlər. Bu da öz növbəsində balacaların oxumaq, təxəyyüllərini genişləndirmək və ünsiyyət yaratmaq qabiliyyətlərinin inkişafı üçün olduqca önəmlidir. Ən əsası ilə uşaqlarımız kiçik yaşlarından başlayaraq müasir informasiya-kommunikasiya texnologiyaları ilə tanış ola və onlarla işləməyi öyrənə biləcəklər.
 
Hazırda layihə çərçivəsində hazırlanmış bütün nağılları “Play Market”in köməyilə “https://play.google.com” linkinə daxil olub yükləmək mümkündür. Nağılların rəsmi təqdimatı yaxın zamanda olacaq.
 
Nağılları aşağıda göstərilən ünvanlardan yükləmək olar:
 
https://play.google.com/store/apps/details?id=air.Cinnagili – “Cin nağılı”;
 
https://play.google.com/store/apps/details?id=air.Yoxsulqocailevezir – “Yoxsul qocayla vəzir”;
 
https://play.google.com/store/apps/details?id=air.Bostanciveshahabbas – “Bostançı və şah Abbas”;
 
https://play.google.com/store/apps/details?id=air.Qizililan – “Qızıl ilan”;
 
https://play.google.com/store/apps/details?id=air.Talimlipishik – “Təlimli pişik”;
 
https://play.google.com/store/apps/details?id=air.Logmanveshagirdi – “Loğman ilə şagirdi”. 
 
https://play.google.com/store/search?q=azkoma&c=apps - digər nağıllar.
 
 
Aynur Vəliyeva
 




28/02/14    Çap et