Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun maliyyələşdirəcəyi ilk qrant müsabiqəsi aprelin 2-də elan ediləcək
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun (İTİDF) Müşahidə Şurasının iclası keçirilib.
Rabitə və İnformasiya Texnologiyaları nazirinin müavini Elmir Vəlizadənin sədrliyi ilə keçirilən iclasda ötən dövr ərzində Fond tərəfindən görülmüş işlər barədə məlumat verilib.
İTİDF haqqında Əsasnaməyə uyğun olaraq, layihələrin maliyyələşdirilməsi üçün nəzərdə tutulan vəsaitin həcminin müəyyən edilməsi, "Qrant müsabiqələrinin təşkili və keçirilməsi Qaydaları"nda əlavə və dəyişikliklərin edilməsi müzakirə olunub.
İclasda qrant müsabiqələrinin təşkili və keçirilməsi qaydalarının 5.8. bəndində bağlanmış müqavilə əsasında layihələrin mərhələli, icrası 24 aya qədər olan kiçik və orta həcmli layihələrin isə maliyyələşdirilməsinin üç mərhələdə aparılması təklif edilərək qəbul edilib.
Artıq ilkin mərhələdə layihənin ümumi dəyərinin 40, ikinci mərhələdə 30, üçüncü mərhələdə yekun hesabatı təqdim edildikdən sonra qalan 30 faizin müvafiq bank hesabına köçürülməsi təmin ediləcək.
"Artıq dövlət tərəfindən Fonda ayrılan vəsait müvafiq hesaba köçürülüb və gələn həftə qrant müsabiqəsinin keçirilməsinin tam sxemi hazırlanacaq. Fondun rəsmi saytında layihələrin biznes planının strukturu və digər tələb olunan sənədlər haqda məlumatlar yerləşdiriləcək. Aprelin 2-dən isə qrant layihələrinin qəbuluna başlanacaq. Beləliklə, mart ayı ərzində müsabiqədə iştirak etmək istəyənlər öz layihələrini və sənədlərini müsabiqəyə hazırlaya bilərlər. Qrant layihələri onlayn rejimdə elektron formada qəbul ediləcək",- deyə E. Vəlizadə bildirib.
Tədbirdə eyni zamanda qeyd edilib ki, müsabiqənin qalibləri təxminən iyun ayında məlum olacaq.
"Layihələrə 10 mindən 300 minədək vəsait ayrılması nəzərdə tutulub. Qəbul edilməyən layihələrin müəlliflərinə əsaslandırma təqdim ediləcək və bu sənəddə layihənin hansı kriterilərə uyğun gəlmədiyi izah olunacaq. Biz belə bir qərara gəlmişik ki, layihə müəllifləri VÖİN-i layihənin qəbul olunduğu təsdiq edildikdən sonra açmalıdır ki, müəllif xərclərə və problemlərə məruz qalmasın. Hesab mütləq Azərbaycanda fəaliyyət göstərən bankda açılmalıdır",- deyə Fondun rəhbəri Elçin Zeynalov qeyd edib.
Aynur Vəliyeva
01/03/14 Çap et