Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Yeni Fikir” müsabiqəsinin yarımfinalçıları bəlli olub


Qafqaz Universitetinin nəzdində fəaliyyət göstərən “QUTexnopark” tərəfindən elan olunan “Yeni Fikir 2014” layihəsinin yarımfinalçılarının siyahısı açıqlanıb.
 
İlkin mərhələdə qəbul edilmiş 169 layihədən, yarımfinala cəmi 24 layihə seçilib. Onlar “Antiviruslar.az”, “ASAN working”, “Asanxidmet.com”, “Bakı Parkinq Mobil Tətbiqi”, “BethClip”, “CyberMed”, “EnWo”, “GriG”, “Groupon”, “Locator”, “MedHouse”, “Octopus”, “OK (Ortaq Kabinet)”, “Prosper Cartoon Studio”, “Səslə idarəetmə prototipi”, “sorgu.az”, “Spark Studio”, “Şparqalka Fənlər”, “Tomi`s Aerial Vehicle”, “Tuning Fork”, “UP”, “www.Adim.co”, “Xercim.az” və “YolDaş” layihələridir.
 
Yuxarıda qeyd edilən siyahı “Yeni Fikir” layihəsinin münsiflər heyəti tərəfindən seçilib və  layihənin rəsmi saytında qeyd olunub.
 
Bununla belə, Azərbaycanda İKT və startaplar üzrə fəaliyyət göstərən  mütəxəssislər müsabiqəyə çox sayda maraqlı və gəlirli hesab ediləcək layihənin təqdim edildiyini qeyd ediblər. Ekspert Orxan Əhməd isə bildirib ki, müsabiqəyə təqdim olunanların əksəriyyəti  çox uğurlu və gələcəyə hesablanmış tutarlı layihələr olub. Onun sözlərinə görə, bu da ölkədə İT biliklərin artmasının, gənclərin ideya rəngarəngliyinin inkişaf etməsinin göstəricisidir: “Düzdür, onların bir çoxu müsabiqədə keçmədi.
 
 Qafqaz Universiteti tərəfindən münsiflər heyətinin bu işdə kifayət qədər təcrübəsinin olması dəfələrlə vurğulanıb və mən buna şübhə etmirəm. Üstəlik, seçilmiş layihələrin əksəriyyəti həqiqətən də layiqli layihələrdir. Ancaq bununla yanaşı, əlavə bir neçə layihə də var idi ki, onların da keçməsi arzulanan idi. Bunlardan biri  “CAR EXPERT” - səyyar avtomobil təmir xidmətidir. İnandırım ki, bu, çox ehtiyac duyulan və gəlirli bir layihə ola bilərdi və əgər hələ də kimsə etmək istəsə, zənnimcə, yanılmaz.
 
Digəri isə “RestaPay”-dır. Bu layihə smartfon vasitəsilə restoranlarda menyunun müxtəlif dillərdə göstərilməsini və sifarişlərin verilməsini özündə əks etdirir. Hesab edirəm ki, ödənilmə imkanı verən mobil tətbiq 2015-ci ildə Bakıda keçiriləcək Avropa Olimpiya oyunlarında əvəzedilməz bir proqram ola bilər. “E-paper Case” isə adi planşetlərin, gözlərə ziyan dəymədən kitab oxuma imkanı verəcək qurğu və yaxud proqram təminatının hazırlanmasını nəzərdə tutur. Bu layihə insanları bir əldə “iPad”, digərində “Kindle” tutmaqdan birdəfəlik xilas edə bilər. Bunlardan əlavə, elektron ticarət platformaları və xidmət sektorunda fəaliyyət göstərməyi planlayan digər layihələr də diqqətə layiqdirlər.
 
Təbii, qeyd etdiyim layihələrin komanda tərkibi və işin yerinə yetirilmə keyfiyyəti barədə heç bir şey əlavə edə bilməsəm də, məhz ideya olaraq çox maraqlı və lazımlı layihə olduqlarını vurğulamaq istərdim”.
 
SEYMUR




03/03/14    Çap et