Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“4K” texnologiyası müşahidə kameralarında tətbiq ediləcək


2015-ci ilədək “Sony” şirkəti istehsal etdiyi müşahidə kameralarında “4K” texnologiyasının tətbiqini planlaşdırır. “Full HD” formatını dörd dəfə üstələyən yüksək təsvir ölçüsü sayəsində çəkilişin keyfiyyəti daha da yaxşılaşdırılacaq, həmçinin təsvirin ölçüsü artırılanda görüntü dəqiqliyini itirməyəcək ki, bu da videoçəkiliş kadrlarında cinayətkar ünsürləri tanımaqda böyük əhəmiyyət kəsb edir.  

Təsviri artırmaq üçün “Sony” daha böyük CMOS-sensorlardan istifadə edir. Bundan əlavə, müvafiq proqram təminatının hazırlanması nəzərdə tutulur.

Yeni modellər vasitəsilə Yaponiyanın nəhəng istehlak elektronikası ixracatçısı müşahidə kameralarının satış həcmini xeyli artırmağı planlaşdırır. 2015-ci maliyyə ilində şirkətin göstəricilərinin 2012-ci illə müqayisədə 3-4 dəfə artacağı gözlənilir.

Yaponiyanın “Nikkei” nəşrinin məlumatına görə, 2013-cü ildə dünya müşahidə kameralarının həcmi 700 milyard yen (6,82 milyard dollar) təşkil edib. 2015-ci ilədək bu göstəricinin 1 trilyon yenə yaxınlaşacağı gözlənilir. Bu, dünyada müşahidə olunan cinayətkarlıq və terrorizmlə mübarizənin güclənməsi sayəsində mümkün olacaq, - “DailyComm www.dailycomm.ru” yazır.




05/03/14    Çap et