Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Nazir Əli Abbasov Çili Respublikasının Azərbaycanda akkreditə olunmuş müvəqqəti işlər vəkili Qabriel Xara ilə görüşüb


Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Çili Respublikasının Azərbaycanda akkreditə olunmuş müvəqqəti işlər vəkili Qabriel Xara ilə görüşüb. Ölkələrimiz arasında ikitərəfli münasibətlərin uğurlu inkişafında qarşılıqlı marağın olduğunu nəzərə çatdıran nazir Əli Abbasov bir çox istiqamətlərdə, o cümlədən İKT sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün yetərli potensialın olduğunu bildirib.


Çilinin yeni hökumətinin ölkəmizlə intensiv əlaqələrin qurulmasına xüsusi önəm verdiyini deyən Q.Xara Azərbaycan-Çili münasibətlərinin xalqlarımızın mənafeyinə uyğun dostluq və əməkdaşlıq zəminində inkişaf etdirilməsinə maraq göstərdiklərinə diqqət çəkib. İKT sahəsində Azərbaycanın qazandığı uğurların Çili Respublikasında yüksək dəyərləndirildiyini, əldə edilən nailiyyətlərin tətbiqi baxımından təcrübə mübadiləsinin vacibliyini vurğulayan müvəqqəti işlər vəkili bu sahəyə qarşılıqlı investisiya qoyuluşunun təmin edilməsi imkanlarını da nəzərə çatdırıb.

Ölkələrimiz arasında səfirliklərin qarşılıqlı fəaliyyətinin təmin edilməsinin gələcək əməkdaşlığın genişləndirilməsinə təkan verəcəyini də bildirən Q.Xara münasibətlərin inkişaf etdirilməsində qarşılıqlı səfərlərin xüsusi rolunu qeyd edib.

Qeyd edək ki, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun bu yaxınlarda Argentina və Çili respublikalarına işgüzar səfəri gözlənilir.
 




06/03/14    Çap et