Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
İnternet üzərindən vergi borclarını necə öyrənmək olar?
Azərbaycanın hər bir vergi ödəyicisi özünün vergi borcları haqqında məlumatları internet üzərində əldə edə bilər.
Vergilər Nazirliyi bildirir ki, vergi ödəyicisi vergi orqanı ilə elektron sənəd mübadiləsi haqqında müqavilə bağlayıbsa, istənilən anda onu maraqlandıran sözügedən suala cavab tapa bilər. Bunun üçün "E-xidmətlər" bölməsindəki "Elektron bəyannamələrin qəbulu" adlı elektron xidmət vasitəsilə "İnternet Vergi İdarəsi"nin (e-taxes.gov.az) "E-bəyannamə & ƏDV-DH & ŞHV" bölməsini seçərək öz istifadəçi kodu, parol və şifrə və ya elektron imzasından istifadə etməklə sistemə daxil olmalı və "Məlumat axtar" pəncərəsinin "Şəxsi hesab vərəqəsi" hissəsində özünə aid müəyyən informasiyaları və o cümlədən vergi borcları barəsində məlumatları əldə edə bilər: "Eyni zamanda, hər bir vergi ödəyicisi Vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə və ya Vergilər Nazirliyinin 195 nömrəli Çağrı Mərkəzinə zəng edib "1" düyməsi ilə Vergilər Nazirliyinə qoşulduqdan sonra iş saatlarında menyunun "4", qeyri-iş saatlarında isə "3" düyməsini seçməklə VÖEN-i daxil edib # düymələri sıxaraq dövlət büdcəsinə olan borcu barədə məlumatı əldə edə bilər".
Bundan əlavə, Vergilər Nazirliyi tərəfindən göstərilən "İkitərəfli sms xidməti" vasitəsilə bir çox məlumatları əldə etmək imkanı vardır. Xidmətdən istifadə etmək üçün mobil telefonlardan "*195*istifadəçi kodu*şifrə#yes (məsələn:*195*00000541* 121756#yes)" yığılmaqla qeydiyyatdan keçilməlidir.
Sözügedən istifadəçi kodu və şifrə vergi ödəyicisinin vergi orqanı ilə elektron sənəd mübadiləsinin aparılması üçün istifadə etdiyi istifadəçi kodu və şifrə ilə eynidir. "Vergi ödəyicisi xidmətə abunə olmaq və mütəmadi olaraq vergi ödəyicisinin fəaliyyətinə dair (o cümlədən də dövlət büdcəsinə olan vergi borcu barədə) məlumatları əldə etmək üçün qeydiyyatdan keçirilmiş mobil telefon nömrəsindən start yazıb 8195 nömrəsinə SMS göndərməlidir: "Abunə və abunə olmayan mobil telefondan müvafiq məlumatların alınması üçün 8195 nömrəsinə üç rəqəmi yazıb SMS göndərilməlidir. "1"- dövlət büdcəsinə olan vergi borcu barədə, "2"- təqdim etməli olduğu bəyannamələr barədə və "3" isə fəaliyyətin aktiv və ya dayandırılmış olması barədə məlumatın əldə edilməsi üçündür.
Odur ki, "İkitərəfli sms xidməti"ndən istifadə etmək üçün əvvəlcə "*195*istifadəçi kodu*şifrə#yes (məsələn: *195*00000541* 121756#yes)" yığmaqla qeydiyyatdan keçilməlidir. Daha sonra abunə olmaqla və ya abunə olmadan 8195 nömrəsinə 1 yazıb göndərməklə dövlət büdcəsinə olan vergi borcu barədə məlumat əldə edə biləcəklər.
Onu da nəzərinizə çatdırırıq ki, hazırda bu xidmətdən yalnız "Azercell" abonentləri istifadə edə bilər. 8195 nömrəsinə göndərilmiş hər sorğuya görə nömrənin balansından 10 qəpik və abunə olmuş vergi ödəyicilərinin nömrəsinin balansından ayda 1 manat 18 qəpik xidmət haqqı tutulur.
Vergi qanunvericiliyi və inzibatçılığı ilə bağlı əlavə məlumatı isə Vergilər Nazirliyinin 195 Çağrı Mərkəzinə müraciət etməklə əldə etmək olar".
Seymur
07/03/14 Çap et