Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Yeni proqram təminatı yazışmaları sürətləndirəcək
Dövlət Sığorta Nəzarəti Xidməti sığorta şirkətləri ilə kargüzarlıq işlərinin aparılması üçün proqram təminatı hazırlayacaq. "ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu barədə Dövlət Sığorta Nəzarəti Xidmətinin (DSNX) rəis müavini Müşfiq İsrafilov bildirib. Onun sözlərinə görə, sığorta şirkətləri sorğuları vaxtında cavablandırmırlar. Ona görə də proqram təminatına ehtiyac yaranıb:
“Ödənişlərdən imtina şikayətləri ilə bağlı sığorta şirkətlərinə sorğu göndəririk, 3-5 iş günü müddətində cavablandırılmasını qeyd edirik. Sığorta şirkətlərinin çoxu yazılan müddətlərdə sorğunun cavablandırılmasını təmin etmirlər.
“Vətəndaşların müraciətlərinə baxılması haqqında” qanunda müraciətçiyə cavab verilməsi üçün konkret müddət qoyulub - əgər iş araşdırma tələb edirsə, 1 ay, araşdırma tələb edilmirsə, 15 gün müddət müəyyən olunub. Hansısa dövlət orqanlarından, xüsusilə, Prezident Administrasiyasından, Milli Məclisdən gələn məktubları vaxtında cavablandırmaq üçün biz də məcburuq qısa müddətlər qoyaq. Əgər sığorta şirkəti sığortalıya ödənişdən imtina edibsə, artıq bu, həmin şirkətdə bütün sənədlərin olması deməkdir. Sığortaçı bütün sənədləri topladığı üçün imtina edib. Əgər sənədlər varsa, burada hansı araşdırmaya ehtiyac vardır?! Bəs nə üçün cavab gecikdirilir? Biz də hesabat veririk. Vətəndaşın pozulmuş hüququnun bərpası üçün işləri sürətləndirməli və birgə həll yolları tapmalıyıq”.
Seymur
07/03/14 Çap et