Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Koreyalı mütəxəssislər Azərbaycanda “E-kənd təsərrüfatı” layihəsi üzrə texniki-iqtisadi əsaslandırmanı həyata keçirəcək
Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təklif olunmuş "E-kənd təsərrüfatı" layihəsi üzrə texniki-iqtisadi əsaslandırmanı həyata keçirmək üçün Azərbaycana mütəxəssislər ezam edib.
"KOICA"-nın Azərbaycandakı Rezident nümayəndəsi xanım Kim Eun Sukun başçılıq etdiyi koreyalı mütəxəssislərdən ibarət nümayəndə heyəti martın 11-də nazirliyin Aparat rəhbəri Seyfəddin Talıbovla görüşüb.
Görüşdə əsas məqsəd Azərbaycanda kənd təsərrüfatının inkişafı, Koreyanın kənd təsərrüfatı və e-hökumət sahəsindəki təcrübəsi və layihənin texniki-iqtisadi əsaslandırması ilə bağlı fikir mübadiləsinin aparılması olub.
Aparat rəhbəri təklif olunan layihənin Azərbaycanda kənd təsərrüfatı və e-hökumət üçün çox önəmli olduğunu qonaqların nəzərinə çatdırıb. S.Talıbov nazirliyin bu layihənin icra edilməsində maraqlı olduğunu və hər cür dəstək verməyə hazır olduğunu da vurğulayıb.
Xanım Kim Eun Suk isə öz növbəsində "KOICA"-nın müxtəlif sahələrdə bir sıra uğurlu qrant layihələri həyata keçirməklə Azərbaycanın sosial-iqtisadi inkişafına töhfə verdiyini qeyd edib. O, həmçinin yeni layihənin Koreya ilə Azərbaycan arasında əməkdaşlığı daha da gücləndirə biləcəyinə əminliyini ifadə edib, həmçinin nazirlikdən mütəxəssislərin ezamiyyət müddəti ərzində onların ətraflı tədqiqat apara bilməsi üçün tam dəstək göstərməsini xahiş edib.
Qeyd edək ki, texniki-iqtisadi əsaslandırma martın 11-dən 15-dək aparılacaq.
11/03/14 Çap et