Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
ÜPİ-nin e- ticarət, poçt-maliyyə xidmətlərinə dair forumlarında Azərbaycan da təmsil olunacaq
31 mart - 11 aprel tarixlərində İsveçrənin Bern şəhərində Ümumdünya Poçt İttifaqının (ÜPİ) yaz sessiyası keçiriləcək. 26-28 mart tarixlərində isə ÜPİ-nin elektron ticarət və poçt-maliyyə xidmətlərinə dair forumlarının təşkili nəzərdə tutulur. Artıq hər iki nüfuzlu tədbirdə Azərbaycanı təmsil edəcək nümayəndə heyətinin tərkibi müəyyənləşib.
Belə ki, sözügedən forumlarda "Azərpoçt" MMC-nin baş direktor müavini Nazim Süleymanov və bu təşkilatın Əməliyyatlar şöbəsinin rəisi Fərid Hüseynovun iştirakı gözlənilir. Onlar ölkəmizdə poçt sahəsində göstərilən bank xidmətlərinə dair təqdimatla çıxış edəcəklər. ÜPİ-nin sessiyasında isə müxtəlif vaxtlarda Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əməkdaşları Nasir Həmidov, Nicat İbrahimli və BƏHM-in əməkdaşı Vüsal Mirzəyevin iştirakı nəzərdə tutulub.
Qeyd edək ki, adətən 3 həftə davam edən ÜPİ-nin yaz sessiyasının müddəti bu dəfə qısaldılaraq 2 həftəyə salınıb.
Sessiyanın ilk həftəsində (31.03-04.04.14.) Poçt Əməliyyatları Şurasının (Postal Operations Council – POC) bir sıra komissiya, layihə və işçi qruplarının toplantıları keçiriləcək, beynəlxalq məktub korrespondensiyası və poçt bağlamaları üzrə xidmətlərin keyfiyyətinin yüksəldilməsi, təhlükəsizliyi üzrə görüləcək tədbirlər və hesablaşma sistemində yaranan yeniliklər barədə müzakirələr aparılacaq. Həmçinin, 2013-cü ilin yekunlarına görə Azərbaycanın EMS operatorunun ÜPİ-nin Qızıl səviyyəli Sertifikatı ilə təltif edilməsi gözlənilir.
Aprelin 7-dən 11-nə qədər davam edəcək sessiyanın ikinci həftəsində isə ÜPİ-nin QSF üzrə Qəyyumlar Heyətinin (Board of Trustees – BoT) iclasları olacaq. Qeyd edək ki, Azərbaycan bu orqanın üzvüdür (DMŞ PS-nin baş məsləhətçisi N.Həmidov adlı olaraq BoT-yə seçilib). "BoT"-nin toplantısında baxılacaq əsas məsələlərə gəlincə, buraya dünya ölkələri tərəfindən ÜPİ Katibliyinə təqdim olunmuş layihələrin, həmçinin bu layihələrin həyata keçirilməsi üzrə ilkin, aralıq və yekun hesabatların və digər sənədlərin baxılıb müzakirə edilməsi, müvafiq qərarların hazırlanması daxildir.
Sessiyanın sonunda keçiriləcək "POC"-nin Plenar iclasları isə 10-11 aprel tarixlərində baş tutacaq. Burada baxılacaq məsələlər arasında QSF-in "BoT"-də hazırlanmış yekun sənədlərin təsdiq edilməsi, bu qurumun tərkibinin qismən yenilənməsi üzrə seçkilərin keçirilməsi, "POC"-nin tərkibində fəaliyyət göstərən müxtəlif komissiyaların hesabatlarına baxılması və digər məsələlər yer alıb.
Həqiqət İSABALAYEVA
12/03/14 Çap et