Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanda bu il qeydə alınan domen adlarının xalis artımı 1221 domen təşkil edib
Azərbaycanda bu günə kimi 21930 domen adı qeydə alınıb və onların sayının bu il ərzində artımı gözlənilir.
“ICTnews” xəbər xidmətinin Milli domenlərin tənzimləyicisinin rəsmi saytına istinadən verdiyi məlumata əsasən, ilin əvvəlindən qeydiyyata alınan domen adlarının sayı
1703 domen, ləğv olunanların sayı 482 domen təşkil edib. Beləliklə, bu ilin əvvəlindən qeydə alınan domen adlarının xalis artımı 1221 domen təşkil edib. Son iki ay ərzində qeydiyyata alınan domen adlarının sayı 5,3% olub.
Hazırda Azərbaycanda 20505 “*.az”, 857 “*.com.az”, 182 “*.edu.az”, 116 “*.org.az”, 67 “*.net.az”, 41 “*.int.az”, 57 “ *.co.az”, 35 “*.pp.az”, 40 “*.info.az”, 16 “*.biz.az”, 6 “*.name.az”, 1 ”*.mil.az”, 1 “*.pro.az” domeni qeydiyyatdan keçirilərək istifadə edilir. Coğrafi adlardan ibarət 6 domen adı qeydə alınıb.
Ötən il ərzində 6199 domen qeydə alınıb və təxminən 2500 domen qeydiyyatdan çıxarılıb, nəticədə ölkədə il ərzində xalis domen artımı 3699 domen təşkil edib.
Azərbaycanda 2013-cü ildə 2012-ci illə müqayisədə qeydiyyatdan keçmiş domenlərin sayı 11% artıb, domen sayının xalis artımı isə 17% təşkil edib. Qeyd edilən artıma daha bir səbəb bu il ölkədə onlayn qeydiyyat sisteminin istifadəyə verilməsi olub.
Son üç ildə “*.az” domen zonasında kəskin artım müşahidə olunur və 2009-cu ildə illik artım 2 min domen təşkil edirdisə, 2010-cu ildə bu göstərici 3 min, 2011-ci ildə isə 4387, 2012-ci ildə 5478 domen adı olub.
Aynur Vəliyeva
12/03/14 Çap et