Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Elektronlaşma sahibkarların əlavə xərclərini azaldır


"Azərbaycan dövləti özəl sektorun inkişafına xüsusi önəm verir. Bu baxımdan prezident İlham Əliyev tərəfindən imzalanan "Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" fərmanın müstəsna əhəmiyyəti var.

Əvvəllər iş adamları biznes qurarkən müəyyən qədər vaxt itkisi ilə qarşılaşırdılarsa, bu fərmandan irəli gələn vəzifələrin  icrası sahibkarlıq sahəsində vəziyyətin yaxşılaşdırılmasına təkan verəcək, elektronlaşmanı sürətləndirəcək. Eləcə də ölkədə həyata keçirilən İKT quruculuğu sahibkarlığın daha da inkişaf etməsinə təkan verəcək".
 
 "ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu fikirləri Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev söyləyib.
 
O bildirib ki, sözügedən fərman həm də Azərbaycanın Dünya Bankının "Bizneslə Məşğul Olmaq" hesabatındakı mövqelərinin ciddi şəkildə güclənməsinə səbəb olacaq. Bu sənədin əsas məqsədi sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınmasıdır: "Sənəd sahibkarların fəaliyyəti ilə məşğul olmaq üçün "bir pəncərə" prinsipinə uyğun elektron qeydiyyatı zamanı prosedur və müddətlərin azaldılmasını nəzərdə tutur".
 
 
M.Musayev deyib ki, bu günədək sahibkarlara  tikintiyə icazələrin verilməsi sahəsində mövcud prosedur və müddətlərin, eləcə də elektrik təchizatı şəbəkəsinə qoşulma sahəsində sənədlərin elektron qaydada qəbulunun təşkili müəyyən çətinliklər yaradırdısa, bu fərmandan irəli gələn fəaliyyət zamanı prosedur, müddət və xərclər azaldılacaq.
 
SEYMUR
 

 




12/03/14    Çap et