Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Microsoft” bu ilin sonunadək “Mac” üçün “Office” paketinin yeni versiyasını buraxacaq


“CEBIT 2014” sərgisində “Microsoft” şirkətinin nümayəndəsi deyib ki, bu ilin sonunadək “Mac” əməliyyat sistemi üçün “Office” ofis paketinin yeni versiyası buraxılacaq.

“ICTnews” elektron xəbər xidməti “itc.ua” saytına istinadən bildirir ki, hazırda mövcud olan “Office:mac 2011” versiyası “Windows” platforması üçün müasir versiyaya uyğun deyil. Həm istifadəçi interfeysi, həm də funksional imkanlarda fərqlər mövcuddur. “Microsoft”un “Mac” platforması üçün məhsullar hazırlayan bölməsi 2010-cu ildə biznes sahəsi üçün proqram təminatı hazırlayan qrupa birləşdirilib. Nəticədə bölmə tamamilə fəaliyyətini dayandırıb. Bu haqda “German Office” bölməsinin direktoru Torsten Xyubşen deyib. Nəticədə planlaşdırılmış “Office:mac 2013” versiyası işıq üzü görməyib.

Lakin hazırda “Office” ofis paketinin ayrı proqramlarının yaradılması ilə məşğul olan bir neçə tərtibatçılar komandası mövcuddur. Bu halda komandalar proqramlarının müxtəlif platformalar üçün versiyalarını hazırlayırlar. Xyubşenin sözlərinə görə, “Mac” platforması üçün “Office” haqqında daha çox məlumat ikinci rübdə çıxacaq.

Emil Hüseynov
 




13/03/14    Çap et