Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda informasiya təhlükəsizliyi mövzusuna həsr olunmuş yarış keçiriləcək


Azərbaycanda informasiya təhlükəsizliyi mövzusuna həsr olunmuş yarış keçiriləcək.
 
Hazırda virtual məkana dair əsas tələblərdən biri də informasiya təhlükəsizliyidir. İKT-nin dünyada inkişafı təhlükəsizlik məsələsinin getdikcə aktuallaşmasına səbəb olur. Məhz bu səbəb nəzərə alınaraq, Azərbaycanda informasiya təhlükəsizliyi mövzusunda, "Hackathon Azerbaijan" layihəsi çərçivəsində növbəti müsabiqə keçiriləcək. Təşkilat Komitəsindən verilən məlumata əsasən, müsabiqənin əsas məqsədi Azərbaycanda informasiya təhlükəsizliyi sahəsini inkişaf etdirmək, bu sahədə kadr potensialının artırılmasıdır.
 
Müsabiqə informasiya təhlükəsizliyi sahəsinə daxil olan müxtəlif mövzuları əhatə edəcək. Belə ki, müsabiqədə iştirakçıların proqramlaşdırma sahəsi, veb-təhlükəsizlik, şəbəkə təhlükəsizliyi, kriptoqrafiya və s. ilə bağlı bilik və təcrübələri sınaqdan keçiriləcək. Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Elektron Təhlükəsizlik Mərkəzinin və  “R.I.S.K” şirkətinin dəstəyi ilə reallaşacaq müsabiqə cari ilin 4-6 aprel tarixlərində keçiriləcək. Müsabiqədə iştirak etmək istəyənlər üçün qeydiyyat prosesinə 15 mart 2014-cü ildə start veriləcək.
 
Qeyd edək ki, “Hackathon” – haker neologiyasıdır, proqramçıların birləşərək müxtəlif problemləri həll etdikləri, layihələr hazırladıqları və yarışdıqları tədbirlər silsiləsidir. “Hackathon”-un əsas mahiyyəti keçirildiyi müddət ərzində müxtəlif proqramların və alətlərin yaradılması, bununla da proqramçı və hakerlərin öz aralarında rəqabət şəraitində biliklərini yoxlamaq və yeni biliklər qazanmaqdır.
 
Həqiqət İSABALAYEVA




13/03/14    Çap et