Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Kibertəhlükəsizlik” mövzusunda Bakıda keçirilən BMT Təhlükəsizlik Şurasının Modeli Konfransı yeni təşəbbüslərə yol açıb


"Kibertəhlükəsizlik" mövzusunda Azərbaycanda keçirilən ilk beynəlxalq BMT Təhlükəsizlik Şurasının Modeli Konfransı yeni təşəbbüslərə yol açıb.
 
 
Bu təşəbbüsə görə BMT Modeli Konfranslarının (Model UN Conference) institutlaşdırılması nəzərdə tutulur. BMT-nin İnkişaf Proqramından (BMTİP) qeyd edilib ki, sözügedən məsələ 2013-cü ilin oktyabr ayında Gənclər və İdman Nazirliyi və BMTİP-nin birgə əməkdaşlığı nəticəsində Bakıda keçirilən ilk beynəlxalq Model Konfransın uğurundan sonra yaranıb:
 
"Bu istiqamətdə Milli BMT Modeli mexanizminin və ya şəbəkəsinin yaradılması və növbəti illərdə milli və beynəlxalq BMT Modeli konfranslarının həyata keçirilməsi nəzərdə tutulub".
 
 
Beləliklə, 14 mart 2014-cü il tarixində Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) və Gənclər və İdman Nazirliyi arasında "Qlobal siyasi müzakirələrdə gənclərin fəal iştirakını dəstəkləmək üçün yeni platformaların yaradılması" layihəsi üzrə niyyət protokolunun imzalanma mərasimi keçiriləcək: "Niyyət protokolu çərçivəsində 2014-cü ilin son rübündə Bakıda keçirilməsi nəzərdə tutulan Gənclər Siyasəti üzrə I Qlobal Forumunun təşkil edilməsinin dəstəklənməsi və BMT Modeli konfranslarının (Model UN Conference) Azərbaycanda institutlaşdırılması nəzərdə tutulub".
 
28-30 oktyabr 2014-cü il tarixlərdə Bakıda keçirilməsi nəzərdə tutulan "Gənclər siyasəti üzrə I Qlobal Forumu"n əsas məqsədi müxtəlif ölkələrdə aparılan gənclər siyasətinə diqqətin artırılması, gənclər siyasəti üzrə dünya ekspertlərini bir araya gətirərək, mövcud təcrübənin təhlil edilməsi, dövlət gənclər siyasəti standartlarının müəyyən edilməsi, o cümlədən, "Gənclər siyasətinin yaradılması və həyata keçirilməsi üçün tövsiyələr" ("Guiding Principles for formulating and implementing youth policies") adlı sənədin hazırlanması və qəbul edilməsidir.
 
Forum Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, BMT-nin İnkişaf Proqramı, o cümlədən BMT-nin Baş katibinin Gənclər üzrə xüsusi elçisinin ofisi, YUNESKO  və Avropa Şurasının təşkilati dəstəyi ilə keçiriləcək.
 
 
Həqiqət İSABALAYEVA




13/03/14    Çap et