Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

AzTU-da Avropa Komissiyasının Elmi Tədqiqat və İnnovasiya Proqramının təqdimatı olub


Azərbaycan Texniki  Universitetində (AzTU)  Avropa  Komissiyası “HORIZON 2020” Elmi  Tədqiqat  və  İnnovasiya  Çərçivə  Proqramının  təqdimatı  keçirilib. AzTU-dan  verilən məlumata görə, tədbiri universitetin prorektoru,  professor  Elşad  İsmibəyli   açaraq  proqramın  əhəmiyyəti  barədə  ətraflı  məlumat  verib.
 
Tədbirdə  iştirak  edən  Avropa  Komissiyasının  Elmi Tədqiqat  və Texnoloji  İnkişaf  7-ci Çərçivə  Proqramının  İKT  üzrə Azərbaycan  milli  təmsilçisi, Azərbaycan  Milli  Elmlər  Akademiyası  (AMEA)  İdarəetmə  Sistemləri  İnstitutunun  Xarici  Əlaqələr  və  İnnovasiya  şöbəsinin  rəhbəri,  texnika  elmləri  namizədi  Tofiq  Babayev  bu  beynəlxalq  təşkilatın  yeni  “HORIZON  2020”  Elmi  Tədqiqat  və  İnnovasiya  Çərçivə  Proqramının  məqsədləri  və  Azərbaycan  alimləri  üçün yaratdığı  imkanlar  barədə məlumat  verib.
 
Onun sözlərinə görə,  son  15  ildə  Avropa  Komissiyasının  Elmi  Tədqiqat  və  Texnoloji  İnkişaf  Çərçivə  proqramlarının  İKT istiqamətində  olan  mövzuları  Azərbaycan  alimlərini də  maraqlandırır  və  onları   müxtəlif  elmi tədqiqat  işləri  aparmağa  sövq  edir. Avropa  Komissiyasının  onlarla  nümayəndəsi  indiyədək  respublikamızda  olub  və  ölkəmizdə  aparılan  elmi tədqiqat  işləri  barədə  onlara məlumat  verilib.
 
T.Babayev bildirib ki, Avropa  Komissiyasının  qarşıdakı  7  ili  əhatə  edən  elmi  tədqiqat, texnoloji  inkişaf  və  innovasiya  layihələri  “HORIZON  2020”  Çərçivə  Proqramında  əks  olunub. 
 
O, həmçinin  qeyd  edib  ki,  bu  il  aprel  ayının  9-10-da “HORIZON  2020”  Proqramı  ilə  bağlı  AMEA-da  ikigünlük  tədris-təqdimat  treninqi  keçiriləcək: “Həmin  treninqdə  Avropa  Komissiyasının 5  ölkəsindən ekspertlər iştirak  edəcəklər.  Onlar  Azərbaycan  alimlərinin  təqdim  edəcəkləri  layihələrin  ilkin  qiymətləndirilməsində  iştirak  edəcək  və müvafiq məsləhətlər  verəcəklər.  Təqdim  olunacaq  layihələr  elmi tədqiqatların  bütün  istiqamətlərini  nəzərdə  tutur.  Bu  layihələr  əsasən  yüksək  elm,  rəqabətədavamlı  sənaye  və  inkişaf  etmiş  cəmiyyət  mövzularını  əhatə  edəcək.  Bu  istiqamətlərdə  onlarla  mövzu  ikiillik  proqramda  öz  əksini  tapıb”.
 
Təqdimat  mərasimində  tədbir  iştirakçılarına  Avropa  Komissiyasının  qarşıdakı  illərdə  keçirəcəyi  müsabiqələr  barədə də məlumat  verilib.  Sonra  tədbir  iştirakçılarının  həmin  komissiyanın  elmi tədqiqat  və  innovasiya  proqramı  ilə  bağlı  sualları  cavablandırılıb.
 
 
CAHANGİR




14/03/14    Çap et