Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Argentinada işgüzar səfərdə olmuşdur


 
Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Argentinada işgüzar səfərdə olmuşdur.

Nazir səfər çərçivəsində Argentina Federal Planlaşdırma, İctimai sərmayələr və xidmətlər naziri ilə görüşmüşdür. Görüşdə Argentinanın peyk sənayesi və nüvə texnologiyaları sahələrində fəaliyyət göstərən şirkətlərinin Azərbaycan bazarına sərmayə qoyuluşunda maraqlı olduqları vurğulanmışdır.

Görüşdə cari ilin 2-5 dekabr tarixində "Bakutel-2014" sərgisi çərçivəsində ilk "Azərbaycan-Argentina Yüksək Texnologiyalar Forumu"nun keçirilməsi qərara alınmışdır.  Görüşdə  "Azərbaycan Respublikası və Argentina Respublikası arasında kosmik fəzanın sülh məqsədləri ilə istifadəsinə dair əməkdaşlıq haqqında "Çərçivə sazişi" imzalanmışdır. 
 
Eyni zamanda Argentinanın aparıcı süni peyk şirkəti  olan "INVAP"ın icraçı direktoru ilə görüş keçirilmiş, şirkətin  Azərbaycanda fəaliyyət strategiyası təqdim edilmişdir. 
 
Nazir Əli Abbasov  Argentina Atom Enerjisi Komissiyanın  (CONEA) prezidenti ilə də görüş keçirmişdir. Görüşdə şirkətin sülh məqsədləri üzrə nüvə-atom texnologiyalarının inkişafı haqda məlumat verilmiş və perspektiv planları haqda təqdimat keçirilmişdir. 
 
Argentinanın peyk, radio və telekommunikasiya dövlət şirkəti "ARSAT"ın Buenos-Ayresdə yerləşən yerüstü idarəetmə mərkəzində keçirilən geniş spektrli təqdimatda da şirkətin fəaliyyəti və gələcək planları haqda məlumat verilmişdir. "ARSAT"ın "AzərKosmos" ASC ilə əlaqələrin qurulması və müvafiq tərəfdaşlıq əsasında peyk tutumlarının kommersiya əsasında  satışının həyata keçirilməsində maraqlı olduğu bildirilmişdir.

Daha sonra nazir Əli Abbasov Argentinanın Elm, texnologiya və produktiv innovasiyalar naziri ilə ikitərəfli görüş keçirmişdir.

Argentinalı nazir 2013-cü ildə ölkəmizə səfərinin onda böyük təəssürat yaratdığını bildirmiş, İKT sahəsinin prioritet elan edilməsini yüksək qiymətləndirərək  Azərbaycanla elmi tutumlu məhsulların birgə istehsalında  maraqlı olduğunu vurğulamışdır.

Nazir ölkəmizdə yüksək texnologiyalara xüsusi önəm verildiyini əsas gətirərək gələcəkdə Argentina-Azərbaycan birgə müəssisələrinin yaradılmasını təklif etmiş və bu təklif  dəstəklənmişdir. Belə ki, bu istiqamətdə həm Azərbaycanda, həm də Argentinada sahibkar qruplarla məsləhətləşmələr aparılaraq, müvafiq təkliflərin hazırlanması qərara alınmışdır. 
 
Səfər müddətində Azərbaycan Respublikasının Argentina Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Məmməd Əhmədzadə görüş və müzakirələrdə iştirak etmişdir.





15/03/14    Çap et