Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Samsung” telefonlarında bekdor aşkarlanıb


Azərbaycan Xüsusi Dövlət Mühafizə Xidməti Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi “Samsung” telefonlarında bekdor aşkar edildiyi haqda xəbərdarlıq edib.

Mərkəzdən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, mövcud olan boşluq radiomodem və “Android” əməliyyat sistemi arasında əlaqəni təmin edərək proqram komponentində olan xətadan yaranıb. Proqramçılar bu təhlükəli boşluğu “Galaxy” ailəsindən olan “Samsung” smartfonlarında və planşetlərində aşkar ediblər. Belə ki, bu boşluğun köməyilə yoluxmuş qurğunun fayl sisteminə giriş etmək mümkündür.

Təhlükəyə məruz qalan modellər içərisinə “Nexus S”, “Galaxy S”, “Galaxy S 2”, “Galaxy Note”, “Galaxy Nexus”, “Galaxy Tab 2”, “Galaxy SIII” və “Galaxy Note 2” daxildir.

Məlumat üçün bildiririk ki, bəzi modellərdə bu proqram təminatı istifadəçinin şəxsi məlumatlarına ciddi dəyişiklik etmək kimi imtiyazlara malikdir.

Aynur Vəliyeva




17/03/14    Çap et