Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Su təsərrüfatı obyektlərindən suyun götürülməsinə elektron qaydada razılıq verilir
Azərbaycan vətəndaşları ölkədə fəaliyyət göstərən su təsərrüfatı obyektlərindən suyun götürülməsi üçün tələb olunan razılığı elektron qaydada ala bilər. Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti (MST ASC) tərəfindən göstərilən sözügedən elektron xidmət istifadəçilərə əlavə vaxt itkisinin qarşısını almaqda, məmur-vətəndaş ünsiyyətinin azaldılmasında və eləcə də izafi xərclərin aradan götürülməsində başlıca rol oynayır.
MST ASC bildirir ki, bu xidmət şəhər, rayon, qəsəbə və kənd yaşayış məntəqəsinin
ərazisində yerləşən su təsərrüfatı obyektlərindən mülkiyyət formasından asılı olmayaraq, fiziki və hüquqi şəxslərin kənd təsərrüfatı bitkilərinin suvarılması, balıqçılıq, texniki-məişət obyektlərinin su ilə təminatı, sənaye, tikinti, energetika və s. ehtiyaclar üçün istifadə edilən suyun götürülməsinə icazənin verilməsini əhatə edir. Adıçəkilən e-xidmətin göstərilməsi Su Məcəlləsinə (maddə 38) və “Dövlət orqanlarının elektron xidmətlər göstərilməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli 429 saylı Fərmanına uyğun olaraq həyata keçirilir. Xidmətin digər icraçısı Ekologiya və Təbii Sərvətlər Nazirliyidir.
ASC bildirir ki, bu xidmət qismən avtomatlaşdırılıb. Qeyd etmək lazımdır ki, xidmətin müddəti də digər dövlət orqanlarında olduğu kimidir. Belə ki, “Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq verilməsi haqqında Qaydalar”ın 2.5-ci bəndinə müvafiq olaraq təqdim olunan
sənədlərdə çatışmazlıqlar və ya imtina üçün əsas olmadıqda müraciət qeydə alındığı gündən başlayaraq, 15 gündən gec olmayaraq icazə verilməsi haqqında qərar qəbul edilir. “Su təsərrüfatı obyektlərindən suyun götürülməsinə icazənin verilməsi üzrə vətəndaşlara ətraflı və operativ məlumat verilir. Elektron xidmətin növü interaktivdir. İstifadəçiləri isə ölkədə fəaliyyət göstərən fiziki və hüquqi şəxslərdir” – deyə qurumdan əlavə edilir ki, sözügedən e-xidmət ödənişsiz formada həyata keçirilir. Bu xidməti “http:// www.mst.gov.az/xidmətlər”, məlumatlandırmanı isə “http:// www.mst.gov.az_” linki üzərindən almaq mümkündür.
Qeyd edək ki, sözügedən e-xidmətdən yararlanmaq üçün həm fiziki, həm də hüquqi şəxslərdən bir sıra sənədlərin təqdim edilməsi tələb olunur. Fiziki
şəxslər ilk öncə sözügedən icazənin alınması üçün ərizə formasını doldurur. Ərizəçi vergi orqanları tərəfindən uçota alınması haqqında müvafiq sənədin surətini, obyektlərin hər biri üçün istifadə hüququnu (mülkiyyət hüququ,
icarə, istifadə və s. əsasları) təsdiq edən sənədin surətini təqdim edir. Eləcə də müraciət edən fiziki şəxs götürüləcək suyun həcmini əsaslandırmalıdır. Bununla belə atılacaq suyun yeri də göstərilməlidir.
Hüquqi şəxslər də bütün bunlarla yanaşı, dövlət qeydiyyatı haqqında verilmiş şəhadətnamənin notarial qaydada təsdiq edilən surətini təqdim etməlidir.
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti bildirir ki, bir sıra hallarda ərizələr geri qaytarıla bilər: “İcazənin verilməsi üçün nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə, ərizəçinin təqdim etdiyi sənədlərdə qeyri-dürüst və ya təhrif olunmuş məlumatlar olduqda və eləcə də qanunvericilikdə nəzərdə tutulan digər hallarda xidmətin göstərilməsindən imtina edilir. İcazə verilməsindən imtina edildikdə, bu barədə ərizəçiyə əsaslandırılmış yazılı məlumat verilir”.
Onu da bildirək ki, sorğunun icrası zamanı təqdim edilən sənədlər ASC-nin Ərizə, Şikayət və Təsərrüfat şöbəsi tərəfindən xüsusi kitabda qeydə alınır və
Cəmiyyətin Suvarma Sistemlərinin İstismarı şöbəsinə təqdim edilir. Şöbədə sənədlərə baxılır, çatışmazlıqlar aşkar edildikdə ərizəçiyə 5 gündən gec olmayaraq bu barədə yazılı məlumat verilir. Çatışmazlıqlar və ya imtina üçün əsas olmadıqda 5 gün ərzində fiziki və hüquqi şəxsə təqdim edilir.
Seymur Qasımbəyli
17/03/14 Çap et