Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Niderland rabitə operatorları ilə əlaqəsi olmayan SİM kartları qanuniləşdirib
Niderland istənilən kommersiya şirkətinin konkret rabitə operatoru ilə əlaqəsi olmayan SİM kartların buraxılması hüququna malik olduğu dünyanın ilk ölkəsi olub. Bu, Niderland hökuməti tərəfindən 3 mart 2014-cü il tarixində təsdiq edilmiş “IMSI” nömrələrindən istifadə qaydalarına edilmiş dəyişikliklər nəticəsində mümkün olub.
Ekspertlərin fikrincə, bu imkandan indi telefonları SİM kartlarla birlikdə özlərinin sata biləcəyi əksər mobil telefon istehsalçıları yararlanacaq. Bu, həmçinin internetə mobil rabitə vasitəsilə daxil olan avtomobil istehsalçıları, GPS-proqram və digər qurğu tərtibatçıları üçün yeni imkanlar deməkdir.
Niderlandın atdığı addımı digər ölkələrin atacağı təqdirdə (Avropa Komissiyası bu prosesi təşviq edir) operatorlara aidiyyəti olmayan SİM kartlar “Əşyalar interneti” üçün vacib element ola bilər.
Nəzəri baxımdan gələcəkdə istifadəçi istənilən anda mobil rabitəyə qoşulmaq üçün operatoru özü seçə biləcək. Belə ki, o, müəyyən ölkədə bir operatora, digər ölkədə isə başqa operatora (ümumi oferta müqaviləsi əsasında) qoşulmaq imkanı əldə edəcək. Sistemin operatorlararası rouminq ödənişləri olmadan və abunəçinin nömrəsinin saxlanması şərtilə tam şəffaf fəaliyyət göstərməsi nəzərdə tutulur. Avropa İttifaqının hazırda rouminq ödənişlərini ləğv etmək niyyətində olduğuna görə bunun gələcəkdə təşəkkül tapması kifayət qədər real görünür, - "Xaker www.xakep.ru” yazır.
19/03/14 Çap et