Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yeni Yasamal massivində yeni inşa edilən poçt filialının inzibati binasının açılışı olub


Bu gün Bakının Yeni Yasamal yaşayış massivində 2 saylı poçt filialının yeni inşa edilən inzibati binasının açılışı olub.

Tədbirdə filialın rəisi Yaşar Seyidov bildirib ki, son illərdə Azərbaycan poçtu böyük sürətlə inkişaf etməkdədir. Ölkənin poçt sektoruna dövlət tərəfindən böyük diqqət göstərildiyini xatırladan Y.Seyidov qeyd edib ki, bu poçt şöbəsi Prezident İlham Əliyevin Bakı və Bakıətrafı qəsəbələrin sosial-iqtisadi  inkişafı ilə bağlı tapşırığına əsasən inşa edilib.

Binanın 300 kvadrat metr sahədən ibarət olduğunu qeyd edən filial rəisi burada ənənəvi poçt xidmətləri ilə yanaşı, bank xidmətlərinin də göstəriləcəyini tədbir iştirakçılarının diqqətinə çatdırıb:

“Bina 2 mərtəbəlidir. Burada müştəriləri qəbul etmək üçün geniş imkanlar yaradılıb. Ən müasir informasiya-kommunikasiya texnologiyaları ilə təmin olunub. Binada İKT, maliyyə və sair  otaqlar fəaliyyət göstərəcək. Bundan əlavə, AKT zalı və işçilərin naharı nəzərə alınaraq mətbəx yaradılıb. Mətbəx də lazımi mebellə və qızdırıcı və qaz sobaları ilə təmin olunub”.


“Azərpoçt” MMC-nin baş direktoru Qəmbər Bəybalayev bildirib ki, ölkəmiz poçt sahəsində əldə etdiyi nailiyyətlərə görə beynəlxalq aləmdə ön sıralarda yer alır. O deyib ki, hər il Azərbaycan poçtu dünyanın tanınmış təşkilatları tərəfindən mükafatlandırılır:

“Son illər ölkədə bu sahədə külli dəyişikliklər başladı və inkişaf istiqamətinə qədəm qoydu. Çox qısa bir zamanda durğunluq dövrünü yaşayan poçt sahəsi yenidən özünün inkişaf mərhələsinə start verdi. Bu gün inkişafın o səviyyəsindəyik ki, bizim göstərdiyimiz xidmətlərin səviyyəsi dünyanın ən böyük ölkələri ilə müqayisə olunur”.

Ölkənin bütün bölgələrində olduğu kimi, Yasamal rayonunda da bir neçə poçt filialı üçün binanın inşa edilərək istifadəyə verildiyini vurğulayan Q.Bəybalayev bu fəaliyyətin davam etdiriləcəyini bildirib.

Sonra çıxış edən Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev bildirib ki, Yeni Yasamal massivində poçt filialının açılmasına böyük ehtiyac olub. Bundan sonra sözügedən ərazidə məskunlaşan əhalinin poçt xidmətlərindən istifadə etməsində çətinlik olmayacağını vurğulayan icra başçısı filialda bütün xidmətlərin göstərilməsinin Azərbaycan poçtunun uğuru olduğunu qeyd edib:

“Bu gün bizim poçtumuz istənilən əməliyyatı həyata keçirməyə qadirdir. Bura pulköçürmələri, bank əməliyyatları ilə yanaşı,  digər ənənəvi xidmətlər daxildir”.

Bundan sonra isə inzibati binayla tanışlıq olub. Sakinlər yaradılan bu şəraitə görə ölkə başçısına təşəkkürlərini bildiriblər.

Seymur Qasımbəyli




19/03/14    Çap et