Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Facebook” “Oculus VR” virtual dəbilqə istehsalçısını satın alır


“Facebook” sosial şəbəkəsi bu yaxınlarda “WhatsApp” messencerini satın almaqla artıq İT cəmiyyətini heyrətləndirib. İndi isə şirkət iki  milyarddan çox dollar xərcləyərək “Oculus Rift” virtual reallıq dəbilqə istehsalçısı “Oculus VR” şirkətini satın alır.

“ICTnews” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, “Facebook”un nümayəndələri deyib ki, şirkət oyundan kənarda virtual reallıq imkanlarını genişləndirməyi və istehlakçılara yeni kommunikasiya, media, əyləncə və təhsil növü təklif etməyi planlaşdırır. “Facebook”un baş direktoru Mark Zukerberq deyib ki, şirkət virtual reallığı sosial şəbəkələrin inkişafında növbəti mərhələ hesab edir.

"Mobil platformalar  müasir dövrün texnologiyasıdır, lakin biz, həmçinin gələcək barədə də düşünürük. Məhz “Oculus” bizə sosial virtual platforma yaratmaq imkanı verir" – o deyib.
“Oculus VR” şirkəti İrvaynda (Kaliforniya) fəaliyyət göstərir, əsası 2012-ci ildə 21 yaşlı Palmer Laki tərəfindən qoyulub.

“Oculus” şirkətindən bildirilib ki, “Facebook”la saziş bağlandıqdan sonra onlar öz ofisində fəaliyyət göstərəcəklər. Rəhbərlik, inkişaf planları dəyişməyəcək. Saziş ikinci rübdə bağlanacaq.

Emil Hüseynov




27/03/14    Çap et