Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Ağ Ev “BlackBerry” smartfonlarını “Android” sistemli qurğularla əvəzləyə bilər


Ağ Ev “Samsung” və “LG” şirkətlərinin istehsalı olan smartfonları sınaqdan keçirir. Məlum olduğu kimi, ABŞ prezidenti rabitə əlaqəsi üçün məxfilik xüsusiyyətlərinə və telefon siqnalının şifrlənməsi üsullarına görə yüksək tələblərə cavab verən Kanadanın “BlackBerry” şirkətinin eyniadlı modifikasiya edilmiş smartfonlarından istifadə edir.
 
Müdafiə Nazirliyinin nümayəndəsi təmsil etdiyi qurumla birlikdə müxtəlif mobil qurğuların pilot sınaqlarının keçirilməsi faktını inkar etməyərək ətraflı məlumat verməkdən imtina edib. “Samsung” nümayəndələri isə qeyd ediblər ki, dövlət sektoru tərəfindən öz məhsullarına böyük maraq var. “LG” şirkətinin mətbuat katibi belə sınaqların keçirilməsindən ümumiyyətlə xəbərdar olmamasını bəyan edib.  

On ildən çox müddət ərzində "BlackBerry” smartfonları ABŞ hökumətinin mobil rabitəsini təmin etməklə yüksək təhlükəsizlik standartlarına zəmanət verib. Sirr deyil ki, dövlət sektorunda bu qurğuların liderliyinə son vaxtlar “iPhone” smartfonlarından istifadə xeyli təsir göstərib. Bildirilir ki, prezident Barak Obama məlumatları oxumaq üçün “iPad” planşetlərindən istifadə etsə də, “Apple” şirkətinin istehsalı olan smartfonlar sınaq proqramının tərkib hissəsi deyil.

"IDC” analitik şirkətinin məlumatına görə, bir vaxtlar Şimali Amerikanın smartfonlar bazarının təxminən yarısına sahib olan “BlackBerry”nin payı hazırda 0,6 faizədək azalıb, - “Vesti www.vesti.ru” yazır.    
 





27/03/14    Çap et