Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanlı alimlər “xam məlumatlar”ın bioinformatik və biostatistik üsullarla analizini öyrənmək məqsədilə Fransada tədqiqatlar aparıblar


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Genetik Ehtiyatlar İnstitutunun gənc alimləri Fransada Gələcək Nəsil Sekvenseri vasitəsilə bitki orqanizmlərinin bütöv genomlarının nukleotid ardıcıllıqlarının oxunması nəticəsində əldə olunan “xam məlumatlar”ın bioinformatik və biostatistik üsullarla analizini öyrənmək məqsədilə tədqiqatlar aparıblar.

Bu barədə AMEA Genetik Ehtiyatlar İnstitutunun ictimaiyyətlə əlaqələrə məsul əməkdaşı Günel Kamallı məlumat verib. Onun sözlərinə görə, institutun alimləri - biologiya üzrə fəlsəfə doktoru Cavid Ocaqi və biologiya üzrə fəlsəfə doktoru Samirə Salayeva Fransanın Bordo şəhərində yerləşən Milli Kənd Təsərrüfatı Elmi Tədqiqat İnstitutunun Meyvələrin biologiyası və patologiyası şöbəsində 1 ay müddətində təlim kursu keçiblər.


Kurs “STONE” proyekt və Azәrbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun 2-ci qrant müsabiqәsinin qalibi olmuş və “Azərbaycanın torpaq və bitki genetik müxtəlifliyinin səmərəli istifadəsi istiqamətində fundamental tədqiqatların maddi-texniki bazasının gücləndirilməsi” adlı pilot layihə çərçivəsində həyata keçirilib.

Doktorantlar təlim kursunun nəticələri ilə bağlı AMEA Genetik Ehtiyatlar İnstitutunda “Genomun nukleotid ardıcıllığının Sanger və Gələcək Nəsil Sekvenseri vasitəsilə oxunma prinsipləri” və “Gələcək Nəsil Sekvenseri vasitəsilə əldə olunmuş nəticələrin analizi, SNP-lərin aşkarlanması” mövzusunda elmi seminar keçiriblər.


Həqiqət İSABALAYEVA





27/03/14    Çap et