Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Pirat proqram təminatından şirkətlərə dəyən zərərin həcmi 500 milyard dollar qiymətləndirilir


“Microsoft” korporasiyası uzun illərdir piratçılıqla mübarizə aparır, lakin əvvəlki kimi son istehlakçılar və biznes istifadəçilər lisenziyasız proqram təminatından istifadə ilə əlaqədar xeyli zərərə məruz qalırlar. “IDC” şirkətinin Sinqapur Milli universiteti ilə birgə keçirdiyi  tədqiqatda təxminən 1700 İT mütəxəssisi, istifadəçi və dünyanın 15 ölkəsində dövlət strukturlarının əməkdaşları iştirak ediblər.

Ekspertlərin qiymətləndirməsinə əsasən, 2014-cü ildə şirkətlər qeyri-qanuni proqram təminatında aşkar edilmiş boşluqların aradan qaldırılmasına 127 milyard dollar xərcləyəcəklər. Bu göstərici ötən il 114 milyard dollar olub. Korporativ informasiya sızması ilə mübarizədə daha 364 milyard dollar xərclənəcək.
Beləliklə, pirat proqram təminatının “təmizlənməsi” müəssisələrə 500 milyon dollara başa gələcək ki, bu məbləğin də 315 milyard dolları kiberfırıldaqçılıqla mübarizə üçün xərclər təşkil edəcək –  “Microsoft”un kibercinayətkarlıqla Mübarizə Mərkəzinin əsas konsultantı və icraçı direktoru Devid Fin deyib.

Qeyri-qanuni proqramlar son istehlakçılara da zərər vurur. Mütəxəssislərin hesablamasına əsasən, onlar 2014-cü ildə pirat proqram təminatı virusa yoluxduqdan sonra sistemin bərpasına təxminən 1,2 milyard saat vaxt sərf edəcəklər.

Araşdırmaya əsasən, artıq yeni kompüterlərin 61 faizi öncədən quraşdırılmış lisenziyasız proqram təminatı ilə satılır. Pirat əməliyyat sistemi və ya proqramlardan istifadə etdikdə virusla yoluxma ehtimalı həm istifadəçi, həm də korporativ müştərilər üçün 33 faiz təşkil edir.

Hesabata əsasən, istifadəçilərin 60 faizi ən çox məlumat, fayl və  informasiya itkisi, həmçinin internet fırıldaqçılığı (51%), poçt, sosial şəbəkə və bank hesablarına müdaxilədən (50%) narahatdırlar. Bununla belə, istifadəçilərin 43 faizi sistemi hücumlardan qoruyan proqram təminatını yeniləmirlər.

Emil Hüseynov







27/03/14    Çap et