Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Bakının 5 rayonunun daşınmaz əmlaka dair rəqəmsal kadastr xəritəsi tərtib olunacaq
Azərbaycan Əmlak Məsələləri Dövlət Komitəsi Bakı şəhərinin Binəqədi, Qaradağ, Pirallahı, Nizami və Xətai rayonları üzrə daşınmaz əmlaklar haqqında elektron kadastr məlumat bazasının yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtibi işlərinin satın alınması ilə bağlı açıq tender keçirir.
“ICTnews” elektron xəbər xidməti xəbər verir ki, bu barədə komitənin rəsmi saytında elan yerləşdirilib.
Tenderdə inventarlaşdırma və rəqəmsal kadastr xəritələrinin tərtibi, Coğrafi İnformasiya Sisteminin tətbiqi və idarə edilməsi, geodeziya, fotoqrammetriya və daşınmaz əmlakın kadastrı, rəqəmsal məlumat bazasının idarə edilməsi və rəqəmsal məkan məlumatlarının çatdırılması sahələrində 5 illik iş təcrübəsi olan, müasir geodeziya avadanlıqları, fotoqrammetriya avadanlığı və qrafiki çöl kompüter dəstindən istifadə etməyi bacaran işçi heyətinə malik nüfuzlu yerli və xarici hüquqi şəxslər iştirak edə bilərlər.
Tenderdə iştirak etmək istəyənlər min manat məbləğdə iştirak haqqını müvafiq hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş Tenderin Əsas Şərtlər Toplusunu Əmlak Məsələləri Dövlət Komitəsinin tabeliyində olan Daşınmaz Əmlakın Kadastrı və Texniki İnventarlaşdırma Mərkəzindən ala bilərlər.
İddiaçılar tenderdə iştirak etmək üçün lazımi sənədləri aprelin 29-na, tender təklifini və tender təklifinin bank təminatını isə mayın 8-dək adıçəkilən mərkəzə təqdim etməlidirlər.
Qeyd edək ki, iddiaçıların təklifləri mayın 12-də həmin mərkəzdə açılacaq.
CAHANGİR
27/03/14 Çap et