Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yaponiya yeni nəsil superkompüter yaradacaq


Yaponiyanın Riken elmi tədqiqat institutu yeni nəsil superkompüter yaratmaq fikrindədir. O, "Key" adlanan mövcud superkompüterdən 100 dəfə daha güclü olacaq. "Key" superkompüteri, həmçinin Yaponiyanın bu elmi müəssisəsinə aiddir və ən məhsuldar kompüterlərin qlobal reytinqində dördüncü yerdə qərarlaşıb.

“ICTnews” elektron xəbər xidməti “itar-tss.com” saytına istinadən bildirir ki, layihəyə 140 milyard yena (təxminən 1,37 milyard ABŞ dolları) ayırmaq planlaşdırılır. Superkompüter üzərində aparılan işlərin 2020-ci ildə başa çatdırılacağı gözlənilir.

Ən yeni superkompüterin yaradılmasında Riken universitetinin öz mütəxəssisləri aparıcı rola malik olacaqlar, lakin kənar investorların və mütəxəssislərin iştirakı istisna edilmir. Yapon alimləri mövcud "Key" superkompüterindən istifadədən imtinaya hazırlaşmırlar – kompüter texnikasının yeni möcüzəsi Kobe şəhərinin yaxınlığındakı Port Ayland süni adasında öz ulu babasının yanında quraşdırılacaq.

Yeni superkompüter saniyədə kvintilyon hesablama aparacaq ki, bu da sözügedən sahədə lider "Tyanhe-2" “maşın”ını xeyli üstələyir.

Yapon mütəxəssisləri layihəyə böyük ümid bəsləyirlər və hesablayırlar ki, superkompüter təbii fəlakət hadisələrinin modelləşdirilməsində xeyli kömək göstərəcək, həmçinin avtomobil sənayesində ona son dərəcə tələbat olacaq.

Emil Hüseynov





28/03/14    Çap et