Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2018-ci ildə dünyada maliyyə şirkətlərinin İT büdcəsi 100 milyard dollara çatacaq


2018-ci ildə maliyyə sektorunda İT xərcləri 100 milyard dollara çatacaq. Bu barədə “Ovum” şirkətinin tədqiqatında deyilir. Şirkətin qiymətləndirməsinə görə, 2013-cü ildə maliyyə sektorunda İT xərclərinin artımı 3,7 faiz təşkil edib. 2014-cü ildə bu göstəricinin 4,8 faizədək yüksələcəyi gözlənilir.

Gələcəkdə xərclər artmaqda davam edəcək və 2014–2017-ci illər ərzində illik orta artım tempi (CAGR) 6,4 faiz olacaq.    


Şirkətin tədqiqatında deyilir ki, əksər bank və maliyyə şirkətləri hazırda yekdil fikir nümayiş etdirərək yaxın illərdə yeni texnologiyalara xərclərin artacağı ilə razılaşırlar. “Ovum”un maliyyə texnologiyaları şöbəsinin rəhbəri Deniel Meyonun fikrincə, banklar platformalarını yeniləməyi planlaşdırır və buna görə artıq indidən İT sahəsinə böyük məbləğdə investisiyalar yatırırlar.  


Hesabat müəllifləri qeyd edirlər ki, xərclərin əsas hissəsi banklara müştərilərlə işi yaxşılaşdırmağa imkan verən texnologiyalara yönəldiləcək.  


“Ovum” analitiklərinin fikrincə, xərclərin artmasına səbəb olan amillərdən biri banklar tərəfindən aktivlərin idarə olunması sahəsində yeni texnologiyaların satın alınması olacaq. Bank rəhbərləri kapitalı şaxələndirməyə və artırmağa çalışır və bu məqsədlə İT sahəsinə əlavə investisiyalar yatırmalı olacaqlar, - “CNews.www.cnews.ru” yazır.




28/03/14    Çap et