Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda rəqəmli kontentin monitorinqi və lisenziyalaşması sisteminin proqram təminatı genişləndirilir



Azərbaycan Müəllif Hüquqları Agentliyi rəqəmli kontentin monitorinqi və lisenziyalaşması sistemini bu ilin sonuna kimi istifadəyə verəcək.

Agentliyin Aparat rəhbəri Fuad Kərimovun “ICTnews” xəbər xidmətinə verdiyi məlumata əsasən, hazırda əqli mülkiyyət hüquqlarının təminatı mərkəzinin bir hissəsi olacaq bu sistem artıq pilot layihə şəklində istifadə edilir.

“Yaxın zamanda sistemin proqram təminatının imkanlarının daha da genişlənməsi və xüsusi portalın yaradılması nəzərdə tutulub. Bu portal vasitəsilə müəlliflər öz əsərlərini və ideyalarını elektron şəkildə qeydiyyata sala biləcəklər.

Eyni zamanda internet istifadəçiləri rəqəmli kontentə aid edilən müəllif əsərlərinin istifadəsinə birdəfəlik və bir neçə dəfəlik istifadə üçün lisenziya ala biləcəklər. Eyni zamanda bu sistem vasitəsilə qeydiyyata alınan müəllif əsərlərinin qlobal şəbəkədə qeyri-qanuni şəkildə istifadə edilib-edilmədiyini müəyyən etmək məqsədi ilə monitorinqlər keçiriləcək”,- deyə    o bildirib.

Qeyd edək ki, bu sistem Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və Müəllif Hüquqları Agentliyinin benefisiarı olduğu “Azərbaycan Respublikasında müəllif hüquqları və əlaqəli hüquqların həyata keçirilməsi sahəsində potensialların artırılması” Tvinninq layihəsi çərçivəsində hazırlanıb.

Qeyd edilən layihə çərçivəsində əqli mülkiyyət hüquqlarının təminatı mərkəzi yaradılmış, qabaqcıl texnologiyalara əsaslanan piratçılığa qarşı nəzarət markası, sistemi və rəqəmli hüquqların idarə olunması layihəsi hazırlanıb.

Aynur Vəliyeva




29/03/14    Çap et