Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanda keçiriləcək “Capture the flag” yarışının iştirakçıları 8 tapşırıq həll etməli olacaqlar
Martın 28-də Azərbaycanda “Capture the flag” (CTF - Bayrağı tutmaq) yarışı keçiriləcək.
“ICTnews” xəbər xidmətinin “http://ctf.hackathonazerbaijan.org” saytına istinadən verdiyi məlumata əsasən, qeydiyyatdan keçmiş bütün komandaların öz unikal ID nömrələri var.
Yarış başlayan kimi komandaların qeyd etdikləri e-poçt ünvanlarına CTF-in 8 tapşırığı göndəriləcək. Tapşırıqları həll etdikcə komandalar onları e-poçt ilə geri göndərməlidirlər. E-poçt formatı belə olmalıdır:
Komandanın ID nömrəsi
Tapşırığın adı
Tapşırığın həlli (Flag)
Həll düzgün olduqda həllin düzgünlüyü barədə təsdiq məktubu gələcək. Həll səhv olduqda onu həll etməyə şans veriləcək. Hər bir tapşırıq üçün maksimum 3 cəhd göndərmək olar.
Tapşırığa düzgün cavab tapmış komandalar reytinq cədvəlində sıralanacaqlar. Ən çox tapşırıq həll etmiş komandalar daha yuxarı reytinqdə olacaqlar.
Eyni sayda tapşırıq həll etmiş komandalar vaxt cədvəlinə görə reytinqdə sıralanacaqlar. Tapşırığı tez həll etmiş komanda daha yüksək reytinqdə olacaq. Reytinqdə yüksək reytinq toplamış 5 komanda qaliblər sırasında olacaq.
Yarışa Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi rəsmi dəstək verəcək. Yarışın sponsoru “R.I.S.K” şirkəti, texniki dəstəkçisi “Delta Telecom” şirkəti, təşkilatçısı isə “İlk addımlar” onlayn tədris portalıdır.
Aynur Vəliyeva
29/03/14 Çap et