Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
12-18 yaş aralığında olan gənclər sosial şəbəkələrdən daha çox asılıdırlar
Meksikanın Puebla şəhərində yerləşən Milli Psixiatriya institutunda işləyən alimlərin gəldiyi nəticəyə əsasən, 12-18 yaş kateqoriyasına məxsus yeniyetmələr sosial şəbəkələrin təsirinə daha çox məruz qalır.
“ICTnews” elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, araşdırmaya əsasən, gənc oğlan və qızların beyni sosial şəbəkələrdən uzun müddətli istifadə zamanı yaranan asılılığa müqavimət göstərmək üçün kifayət qədər formalaşmayıb. Mütəxəssislər müəyyənləşdiriblər ki, internetdə ünsiyyət saxlayan zaman biz internetin başqa istifadəçiləri tərəfindən dəstəyə ümid edirik. Məsələn, virtual həmsöhbətlərimizin internetdə dərc edilmiş fotoşəkil və fikirlərimizə müsbət qiymətini əks etdirən “Like” düyməsinə klik sayını buna nümunə göstərmək olar.
Virtual dostlarımız nəşrlərimizi "like" etdikə biz beyində dofamin adlanan hormonun ayrılması ilə əlaqədar məmnunluq hissi duyuruq. Bu hormon hansısa pozitiv hallar yaşanan zamanı (məsələn, cinsi əlaqə, dadlı qida, həmçinin narkotik qəbulu) təbii üsulla böyük miqdarda ayrılır.
Meksikalı tədqiqatçılar aşkar ediblər “Facebook” və ya “Twitter” kimi sosial şəbəkələrdə gündəlik 4-5 saat vaxt keçirən yeniyetmələrdə artıq müəyyən asılılıq simptomları müşahidə olunur. Müqayisə kimi qeyd edək ki, əgər əvvəllər beyində dofamin maddəsinin ayrılması üçün gənc oğlan və ya qız üçün 5-7 “like” kifayət idisə, hazırda gənclər onları əhatə edənlərə maraqlı olmaq üçün şüuraltı artıq 20-30 “like” gözləyirlər.
Emil Hüseynov
31/03/14 Çap et