Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Əlillərin yenidən ayağa qalxmasına kömək edən mikroçip hazırlanır
Beyinə implantasiya edilən çiplər əvvəlki kimi bizim tərəfimizdən elmi fantastika sahəsi ilə bağlı qəbul edilir. Lakin tezliklə belə çiplər tibb sahəsində geniş tətbiq ediləcək.
“ICTnews” elektron xəbər xidməti “hi-news.ru” saytına istinadən bildirir ki, Sinqapur Mikroelektronika İnstitutunda işləyən tədqiqatçıların hazırladığı xüsusi mikroçipin ölçüsü o qədər kiçikdir ki, onu pasiyentin beyninə heç bir risk olmadan uzunmüddətli yerləşdirmək olar. Bu mikroçipin əsas vəzifəsi insana əl-ayaq protezlərinin idarəsində kömək etməkdir.
Alimlərin neyron massiv adlandırdıqları bu çip pasiyentin beyni ilə onun protezi arasında əlaqə yaradaraq əlillərə yenidən ayağa qalxmağa imkan verəcək. Texnologiya hələ ilkin inkişaf mərhələsindədir və yaxın gələcəkdə bu kiçik çiplərin yeni tətbiq sahələri haqqında eşitməyimiz istisna deyil.
Sözügedən texnologiyalardan istifadə zamanı risk səviyyəsinin minimumadək endirilməsinə baxmayaraq, heç kəs bundan tam sığortalanmayıb. Bu çipin beyinə implantasiyası zamanı həkimlər kəllədə dəlik açmalı olacaqlar. Beyinə infeksiya düşmə və ya hətta beynin həyati əhəmiyyətli sahəsinə zərər vurmaq riski mövcuddur.
Hazırda Sinqapur alimləri pasiyentlər üçün risk səviyyəsini minimuma endirmək üçün öz texnologiyasının yekun təkmilləşdirmələri üzərində işləyirlər. Bundan sonra bir çox əlillərin düşüncənin gücü ilə öz protezlərini idarə edə biləcəkləri istisna edilmir.
Emil Hüseynov
31/03/14 Çap et