Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanda bu il qeydə alınan domen adlarının xalis artımı 1406 domen təşkil edib
Azərbaycanda bu günə kimi 22118 domen adı qeydə alınıb və onların sayının bu il ərzində artımı gözlənilir.
“ICTnews” xəbər xidmətinin Milli domenlərin tənzimləyicisinin rəsmi saytına istinadən verdiyi məlumata əsasən, ilin əvvəlindən qeydiyyata alınan domen adlarının sayı 2147 domen, ləğv olunanların sayı 741 domen təşkil edib. Beləliklə, bu ilin əvvəlindən qeydə alınan domen adlarının xalis artımı 1406 domen təşkil edib. İlin əvvəlindən ölkədə qeydiyyata alınan domen adlarının sayı 9,7% artıb.
Hazırda Azərbaycanda 20672 “*.az”, 863 ”*.com.az”, 181 “*.edu.az”, 122 “*.org.az”, 69 “*.net.az”, 60 “*.co.az”, 42 “*.int.az”, 42 “*.info.az”, 36 “*.pp.az”, 17 “*.biz.az”, 7 “*.name.az”, 1 “*.mil.az”, 1 “*.pro.az” domeni qeydiyyatdan keçirilərək istifadə edilir. Coğrafi adlardan ibarət 7 domen adı qeydə alınıb “GENCE.AZ”, “SHEKI.AZ”, “GANJA.AZ”, “IMISHLI.AZ”, “SHAMAXI.AZ”.
Son üç ildə “*.az” domen zonasında kəskin artım müşahidə olunur və 2009-cu ildə illik artım 2 min domen təşkil edirdisə, 2010-cu ildə bu göstərici 3 min, 2011-ci ildə isə 4387, 2012-ci ildə 5478 domen adı olub.
Ötən il ərzində 6199 domen qeydə alınıb və təxminən 2500 domen qeydiyyatdan çıxarılıb, nəticədə ölkədə il ərzində xalis domen artımı 3699 domen təşkil edib.
Beləliklə, Azərbaycanda 2013-cü ildə 2012-ci illə müqayisədə qeydiyyatdan keçmiş domenlərin sayı 30% artıb, bu il isə domen sayının 40% artımı proqnozlaşdırılır.
Aynur Vəliyeva
31/03/14 Çap et