Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Elektron xidmətlər bankların iş fəaliyyətinə necə təsir edir?
Bütün dünyada olduğu kimi, Azərbaycanda da internet istifadəçilərinin sayının çoxalması, "Beynəlxalq hörümçək toru"nun keyfiyyətinin yüksəlməsi və təhlükəsizlik məsələlərinin gücləndirilməsi ölkədə fəaliyyət göstərən bankların bu istiqamətdə addımlar atmasına rəvac verib.
Bu baxımdan hər bir bank bazar iqtisadiyyatı çərçivəsində həyata keçirdiyi fəaliyyətində müasir texnologiyalardan maksimum dərəcədə yararlanmağa çalışır. Bura, cəmiyyətə informasiyaların ötürülməsindən, yəni PR addımlarından tutmuş, digər xidmətlərə qədər olan çalışmalar daxildir. Nəzərə alsaq ki, bank xidmətləri bazar iqtisadiyyatının mühüm və ayrılmaz tərkib hissələrindən biridir, o zaman insanların gündəlik həyatlarına qədər inteqrasiya edən informasiya-kommunikasiya texnologiyalarından, eləcə də internetdən yararlanmaqla nə qədər böyük fayda qazanacaqlarını və ya qazandıqlarını təsəvvür etmək çətin olmaz.
Artıq ev təsərrüfatlarının təxminən 80 faizi bankların müştəriləridir. Onların cari və əmanət hesabları, kredit kartları vardır. "AtaHolding" ASC Kommunikasiya şöbəsinin rəisi Dilarə Zamanova bildirir ki, banklar da mövcud olan müştərilərinə yeni xidmət növləri təkliflərini genişləndirir. Onun sözlərinə görə, konkret əməliyyatları həyata keçirmək üçün banka müraciət edən insanlar həmişə əlavə və ya qarışıq xidmət növlərinin potensial alıcıları kimi çıxış edirlər: "Son onillikdə banklar müştərilərə xidmət üçün kütləvi miqyasda elektron texnikadan istifadə edirlər. Xüsusilə, fərdi kompüterlərdən və internetdən istifadə geniş yayılıb".
D.Zamanova qeyd edir ki, müasir bankı qarşılıqlı hesablaşmaların kompüter sistemləri, kredit kartlarının avtorizasiya sistemləri və s. kimi qabaqcıl informasiya texnologiyaları olmadan təsəvvür etmək olmaz. Ən sürətlə inkişaf edən texnologiya – qlobal internet şəbəkəsi banka potensial müştərilərin daha geniş dairəsini əhatə etməyə, xidmətin səviyyəsini yüksəltməyə unikal imkan yaradır. Banklar öz xidmətləri barədə informasiyanı veb-səhifələrdə yerləşdirərkən, öz iş saatlarını faktiki olaraq gündə 24 saata qədər uzadırlar, belə ki, bu məlumat qlobal KİV – internet istifadəçiləri üçün istənilən vaxt yetərlidir:
"Bir çox xarici banklar artıq çoxdan internetin funksional imkanlarının geniş spektrindən müvəffəqiyyətlə istifadə edir. "Vorld vide veb"də ("world wide web") bank səhifələrinin sayı 700 mini aşıb. Bu gün Qərbdə fərdi və korporativ internet istifadəçiləri bu sistemin köməyilə korporativ və ya şəxsi hesab açır, onu idarə edir, kredit kartından və ya hesabdan ödənişlər edir, qiymətli kağızlar alıb-sata bilir, özləri və xidmətləri barədə çoxlu miqdarda informasiya təqdim edə bilir və s. Bank müştərilərinin böyük təbəqəsi biznesin aparılmasının müasir metodlarından və internetin imkanlarından istifadə edən 25-40 yaşında insanlardır. Hər hansı konkret maliyyə müəssisəsindən istifadə üzərində dayanmazdan əvvəl, təbii ki, bank haqqında ümumi məlumatlarla maraqlanırlar (maliyyə hesabatları, investisiya layihələrində iştirak, səhmdarlar, müştərilər, depozit müqavilələrinin şərtləri, kredit alınması şərtləri haqqında ətraflı informasiya, maliyyə göstəriciləri və mətbuatda dərc olunan yazılar əsasında son illər ərzində bankın inkişaf dinamikası və s.). Bankların veb-səhifələrində məhz bu cür ətraflı informasiya yerləşdirilməlidir".
İnternetin perspektiv imkanlarından birinin elektron hesablaşma sistemi (Onlayn Banking) olduğunu qeyd edən D.Zamanova vurğulayır ki, sözügedən sistemin sayəsində müştəri öz hesabını istənilən vaxt, evdən, işdən, hətta xarici ölkədən belə idarə etmək imkanı qazanır: "Bunun sayəsində banka gəlmək, növbədə durmaq zərurətindən azad olursan. Sistem müştərilərin məmnunluq səviyyəsini yüksəldir, bank xidmətinin keyfiyyətini artırır. Bundan əlavə, saytın olması bankın müasir, dinamik, özünə güvənən və etibarlı olması təsəvvürü yaradır. İnternetdən nəinki müştərilərlə, həmçinin KİV, bankın səhmdarları, dövlət və ictimai qurumlarla ünsiyyət vasitəsi kimi istifadə oluna bilər".
Seymur Qasımbəyli
31/03/14 Çap et