Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dünyanın nəhəng proqram təminatçılarının reytinqi müəyyənləşib


"Oracle" şirkəti nəhəng proqram təminatı tərtibatçıları reytinqində "IBM" korporasiyasını geridə qoyaraq 2013-cü ilin yekunları üzrə satışdan 29,6 milyard dollar məbləğində gəlir əldə edib. Bu barədə "Gartner" analitik şirkətinin son hesabatında deyilir.

Hesabata əsasən, "Microsoft" korporasiyası 65,7 milyard dollarlıq mədaxil göstəricisi ilə dünyanın nəhəng proqram təminatı istehsalçısı olaraq qalır. Eyni zamanda "IBM" korporasiyası 29,1 milyard dollarlıq nəticə ilə üçüncü yerə sıxışdırılıb. Dördüncü yerdə 18,5 milyard dollarla "SAP" şirkəti qərarlaşıb.

Nəhəng istehsalçılar (mədaxilinə görə) onluğuna "Symantec", "EMC", "Hewlett-Packard", "VMware", "CA Technologies" və "Salesforce.com" şirkətləri də daxildir. Reytinqdə yer alan digər şirkətlər aralarında ümumilikdə 234,6 milyard dolları bölüşüb, 2013-cü ilin ikinci yarısında proqram təminatı bazarının səviyyəsi isə 407,3 milyard dollara çatıb.

"Gartner" qeyd edir ki, ötən il proqram təminatına qlobal xərclər 4,8 faiz artaraq 407,3 milyard dollar təşkil edib, həmçinin inkişaf etməkdə olan bazarlarda proqram təminatına əvvəlki illərdə olduğu kimi yüksək tələbat qeydə alınmayıb. Bazara əsas təsiri istehsalçıların gəlir göstəricilərini artıran "Saas" şirkətinin həlləri göstərib. Belə ki, "Saas" istehsalçısı olan "Salesforce.com" şirkəti 3,8 milyard dollarlıq nəticə ilə ilk dəfə nəhəng şirkətlər onluğunda yer ala bilib, - "Cybersecurity www.cybersecurity.ru" yazır.




01/04/14    Çap et