Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Avropada SMS-ödəniş xidməti istifadəyə verilib
Şərqi Avropada “M-Pesa” SMS-ödəniş sistemi istismara verilib. “M-Pesa” texnologiyası “Vodafone” şirkətinin dəstəyi ilə 7 il əvvəl Keniyada hazırlanıb. Sistem adi SMS-bildirişlər vasitəsilə pul vəsaitlərini saxlamağa, köçürməyə və çıxarmağa imkan verir.
Bu əməliyyatların həyata keçirilməsi üçün mobil əlavələrə ehtiyac olmadığından “M-Pesa”dan həm smartfon, həm də adi mobil telefon istifadəçiləri yararlana bilər. Bundan başqa, servis bank hesabına malik olmayan insanlara elektron ödənişlər etməyə imkan verdiyindən Afrika və Asiya ölkələrində geniş yayılıb.
Martın 31-də “M-Pesa” Rumıniyada fəaliyyətə başlayıb. “Vodafone”nun proqnozuna görə, servisin auditoriyası hazırda yalnız nağd ödənişlərdən istifadə edən yeddi milyon nəfər təşkil edə bilər. Servis istifadəçiləri SMS vasitəsilə sutkada 22 avro-sentdən 6,7 min avroyadək köçürə bilərlər.
“Rumınların əksəriyyəti ən azı bir mobil qurğuya malik olsa da, əhalinin üçdə bir hissəsindən çoxu ənənəvi bank xidmətlərinə çıxış imkanından məhrumdur. “Vodafone M-Pesa”dan artıq 17 milyon müştəri istifadə edir və biz servisin üstünlüklərindən Rumıniya sakinlərinin də istifadə edə bilməsinə çalışıcağıq”, - “Mobile Money Vodafone” şirkətinin direktoru Maykl Cozef deyib.
“M-Pesa” vasitəsilə Rumıniya sakinləri kommunal xidmətləri ödəyə, depozit aça, nağd pul çıxara və gül, qəzet və qəhvə kimi kiçik malların ödənişlərini edə biləcəklər.
“M-Pesa” 2007-ci ilin martında Keniyanın “Safaricom” mobil operatoru və “Vodafone” şirkəti ilə birlikdə istifadəyə verilib. Servisin auditoriyası qısa müddət ərzində 6 milyon istifadəçini ötüb. 2009-cu ildə Keniyada “M-Pesa” ilə hər gün iki milyon ödəniş edilib. Həmin ildə servis “IBM” şirkəti tərəfindən üç ölkənin – Keniya, Tanzaniya və Əfqanıstan bazarları üçün genişləndirilib, sonradan Misir, Hindistan, Lesoto və Mozambikdə işə salınıb.
Hazırda “M-Pesa” dünyada 16,8 milyon aktiv istifadəçi və 186 min avtorizə edilmiş agentə malikdir. Hər gün “M-Pesa” vasitəsilə ümumi məbləği 900 milyon avro təşkil edən tranzaksiyalar həyata keçirilir, - "theRunet www.therunet.com” yazır.
01/04/14 Çap et