"Netty 2014" Milli internet mükafatı çərçivəsində bu gündən etibarən müraciətlərin qəbuluna start verilib.
Mükafatın təşkilat komitəsindən "ICTnews" xəbər xidmətinə verilən məlumata əsasən, müsabiqədə iştirak etmək üçün müraciətlər aprelin 2-dən mayın 11-dək davam edəcək.
"Netty 2014" nominantlarının təyini üçün Ekspert şurasının və Virtual münsiflər heyətinin paralel səsverməsi 12 may tarixindən 18 may tarixinə qədər həyata keçiriləcək.
Mayın 19-u Ekspert şurasının və Virtual münsiflər heyətinin nominantlarının cəmləşmiş seçiminə əsaslanaraq (Şura hər nominasiyada iki nominant seçir, münsiflər heyəti hər nominasiyada bir nəfər) "Netty" Akademiyası öz səsverməsinə başlayır. Akademiya mövcud nominasiyalardan hər birində mükafatın tək qalibini müəyyən edir.
Göstərilən dövr çərçivəsində yarışdan kənar həvəsləndirici nominasiyalar üzrə Akademiyanın səsverməsi keçirilir. "Netty 2014" nominasiyalarının finalçıları təntənəli mərasimdə elan edilirlər.
Müsabiqənin əsas mükafat qaliblərinə təntənəli surətdə "Netty" heykəlciyi təqdim edilir. Mükafatlandırma mərasimində bütün nominantlar iştirak edirlər.
"Netty" Ümumdünya Şəbəkəsinin milli seqmentində İT-bazarın inkişafı məqsədilə yaradılmış informasiya texnologiyaları sahəsində Azərbaycanın ilk peşəkar mükafatıdır. Bu il müsabiqə 8-ci dəfə keçiriləcək.
"Netty"nin məqsədi Azərbaycanın ən yaxşı veb-layihələrini, informasiya texnologiyaları sahəsində mütərəqqi xadimləri üzə çıxarmaq və dəyərləndirməkdir.
Aynur Vəliyeva