Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“İnnovasiyalı iqtisadiyyat - biznes” Araşdırmalar Mərkəzi yaradılıb
AMEA İqtisadiyyat İnstitutunun nəzdində "İnnovasiyalı iqtisadiyyat - biznes" Araşdırmalar Mərkəzi yaradılıb. Azərbaycan Milli Elmlər Akademiyasından verilən məlumata görə, mərkəz innovativ ideyaların geniş təbliği, həmçinin bu istiqamətdə müxtəlif dövlət və özəl qurumlarla qarşılıqlı əlaqələrin daha səmərəli təşkili məqsədi daşıyır.
Qeyd edək ki, AMEA İqtisadiyyat İnstitutunda institutun yeni dövrün tələblərinə uyğun fəaliyyətinin daha səmərəli qurulması və bütövlükdə Azərbaycan iqtisad elminin gələcək inkişaf perspektivləri işlənib hazırlanıb. O, yaxın dövrdə ilkin müzakirəyə təqdim ediləcək. Həmçinin institutun Elmi Şurası İqtisadçıların Ümumbakı Seminarının yenidən təşkili haqqında qərar qəbul edib.
Bu seminarların AMEA İqtisadiyyat İnstitutu, Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan İqtisadçılar İttifaqının birgə təşkilatçılığı ilə müntəzəm şəkildə keçirilməsi nəzərdə tutulur. Bundan başqa, AMEA İqtisadiyyat İnstitutunun nəzdində fəaliyyət göstərəcək "İqtisadi Nəzəriyyə - Təkamül və Müasirlik Universiteti"nin təşkil edilməsi haqqında da müvafiq qərar qəbul edilib.
İnstitutdan o da qeyd edilib ki, AMEA İqtisadiyyat İnstitutunda cari ilin aprel ayından başlayaraq, "İnnovasiyayönümlü informasiya bülleteni" çap olunacaq.
Həqiqət İSABALAYEVA
03/04/14 Çap et