Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Windows Phone” istifadəçiləri üçün “Baku Airport” əlavəsi təqdim olunub



"Windows Phone 8" əməliyyat sisteminin istifadəçiləri "Baku Airport" eksklüziv mobil əlavədən yararlana bilər.

"Microsoft-Azərbaycan" şirkətindən "ICTnews" xəbər xidmətinə verilən məlumata əsasən, "Safaroff Creative Agency" tərəfindən "Windows Phone 8" üzərində işləyən mobil qurğulardan istifadə edən Bakı əhalisi və şəhərin qonaqları üçün "Baku Airport" yeni mobil əlavəsi hazırlanaraq təqdim olunub.
 
Sözügedən əlavədə "Ground Handling Company"nin (GHC) təqdim etdiyi Heydər Əliyev Beynəlxalq Aeroportunda aviareyslərin canlı cədvəli əks olunub.
 
 Bundan başqa, "Baku Airport" əlavəsi vasitəsilə istifadəçilər təyyarənin nə vaxt havaya qalxması və ya enməsi, uçuş müddəti, çıxış ("gate") nömrəsi, təyyarənin növü və bu kimi məlumatları əldə edə bilərlər. "Baku Airport" istifadəçiləri əlavə vasitəsilə həmçinin, məlumat xidmətinə (Help Desk Call) zəng edə bilərlər.
Əlavənin unikal xüsusiyyəti Heydər Əliyev Beynəlxalq Aeroportuna yolun göstəricisidir. "Baku Airport" əlavəsini "Windows Phone" marketindən ("Marketplace") pulsuz yükləmək və quraşdırmaq mümkündür.
 
Aynur Vəliyeva
 




03/04/14    Çap et