Avropa Komissiyası ümumavropa “bulud” layihəsi üçün əlaqələndirici seçib
"HP" şirkəti Avropa Komissiyası tərəfindən məqsədi Avropa istifadəçilərinə təhlükəsiz məlumat mübadiləsinə yardım etməkdən ibarət olan "Coco Cloud" (confidential and compliant) "bulud" layihəsinə əlaqələndirici seçib.
Şirkətin məlumatında deyilir ki, Avropa İttifaqının (Aİ) vahid "bulud" hesablamaları bazarının formalaşdırılması strategiyası çərçivəsində həyata keçirilən "Coco Cloud" layihəsi "bulud" texnologiyasında son istifadəçilər arasında təhlükəsiz məlumat mübadiləsi üçün qanuni əsasları təmin edəcək.
"Bizim məqsədimiz "bulud" texnologiyalarında yeni fəaliyyət modeli üçün əsaslar yaratmaqdır. Bu, Aİ-yə üzv dövlətlər arasında hüquqi normalarla bağlı fikir ayrılıqlarını aradan qaldırmağa və məxfi məlumatların mübadiləsi üçün vahid mühafizə olunmuş mühit yaratmağa imkan verəcək.
Hazırda istifadəçilər getdikcə daha çox "bulud" texnologiyalarına etibar edir, "bulud" xidmətlərindən aktiv istifadə edirlər ki, bu da öz növbəsində XXI əsrdə rəqəmli iqtisadiyyatın inkişafına zəmin yaradır", - Avropa Komissiyasının "DG Connect" proqramı çərçivəsində "Trust and Security Unit" bölməsinin rəhbəri Yakub Boratınski belə deyib.
"HP"-nin rəhbərliyi ilə "Coco Cloud" konsorsiumu məlumat saxlanclarını və istifadəçi qurğularını (mobil və stasionar) vahid məkanda birləşdirəcək hərtərəfli mühafizə olunmuş "bulud" platformasını yaradacaq. Bundan başqa, layihə tədarükçülər və "bulud" mobil servis istifadəçiləri arasında dialoqu aktivləşdirməyə kömək edəcək.
Layihədə koordinator və baş inteqrator qismində çıxış edən "HP" ilə yanaşı, elmi və akademik təşkilatlar (məsələn, İtaliya Milli Tədqiqat Şurası, Oslo Universiteti və London İmperiya Kolleci), eləcə də sahə tərəfdaşları (Atos, Agenzia per l’Italia Digitale (AGID) və Grupo Hospitalario Quirón) iştirak edir. Bundan əlavə, müxtəlif ölkələrin siyasətlərinin uyğunlaşdırılması ilə əlaqədar hüquqi məsələlərin tənzimlənməsi ilə Oslo Universiteti və "Bird&Bird" şirkətinin mütəxəssisləri məşğul olacaq.
"Coco Cloud" layihəsi servislərin çatdırılmasını sürətləndirmək, əməliyyat risklərini azaltmaq və müxtəlif "bulud" xidməti tədarükçülərinin artıq yüklənməsini optimallaşdırmaq üçün "OpenStack" texnologiyası əsasında açıq, mühafizə olunmuş "HP CloudOS" platformasında yerləşdiriləcək.
"Coco Cloud" Avropa Komissiyasına informasiya mühafizəsi sahəsinə aid təqdim edilən 75 layihə arasında bəyənilmiş 12 layihədən biridir, - "CNews
www.cnews.ru" yazır.