“İstedadların hazırlığı laboratoriyası” olimpiadasının ikinci turu başlayır
"İstedadların hazırlığı laboratoriyası - 2014" olimpiadasının ikinci turu aprelin 12-də saat 12:00-da keçiriləcək.
Təşkilat Komitəsindən (TK) verilən məlumata görə, olimpiada ümumilikdə 3 turdan ibarətdir: "İlk tur 29 mart 2014-cü il tarixində baş tutub.Turlar arasında keçid balı mövcud deyil. "
www.istedad.az" saytında qeydiyyatda olan istənilən gənc turların birində iştirak edə bilər.
Bakı şəhərində keçiriləcək son yekun olimpiadada hər üç turda yüksək göstəricilər nümayiş etdirmiş məktəblilər iştirak edəcək. Yüksək bal toplayan iştirakçılar final (əyani) mərhələdə öz biliklərini sınayacaqlar". İkinci turda iştirak etmək üçün bəzi qaydalara riayət edilməlidir.
Belə ki, iştirakçı 12 aprel 2014-cü il tarixdə saat 12:00-da öz "Şəxsi kabinet"inə və "İmtahan və nəticələri" səhifəsinə daxil olmalıdır. İmtahan sıralamasında "Olimpiada 2014. Birinci tur" bölməsinə daxil olaraq, "Başla" düyməsinə basılmalıdır. İmtahan turu 10 sualdan (3 fizika, 3 kimya, 4 riyaziyyat) ibarətdir və ümumilikdə 45 dəqiqə davam edir. İştirakçı imtahanı tez də sona çatdıra bilər. Bunun üçün "Testi sona çatdır" düyməsi basılmalıdır. 45 dəqiqə başa çatan kimi imtahan səhifəsi avtomatik olaraq bağlanacaq. TK-dən qeyd edilib ki, bu halda da iştirakçının cavabları yaddaşa verilməyəcək:
"Testi sona çatdır" düyməsini 45 dəqiqə tamam olmamışdan öncə basmaq lazımdır. İmtahan səhifəsi 12 aprel 2014-cü il saat 12:00-dan 15:00-dək aktiv olacaq. İmtahan turunu başa vurduqdan sonra, iştirakçılar öz nəticələri ilə 13 aprel 2014-cü il tarixində saat 12:00-da "İmtahan və nəticələri" səhifəsinə daxil olmaqla tanış ola bilərlər".
Qeyd edək ki, olimpiada "Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının 6.3.6 bəndinə uyğun olaraq, "İstedadların hazırlığı laboratoriyası"nın təşkili və fəaliyyətinin təmin edilməsi məqsədilə həyata keçirilir.
Layihənin əsas məqsədi - yeniyetmələr arasında elmi və texniki biliklərin təbliği, onların elmi-yaradıcı təşəbbüslərinin artırılması, elm və texnika sahəsində istedadlı yeniyetmələrin üzə çıxarılmasıdır. Layihə riyaziyyat, fizika, kimya və məntiq elmlərinə marağı olan və istedadı ilə seçilən yeniyetmə və gənclərin üzə çıxarılması, onların daha da inkişaf etdirilməsi üçün əsas vəzifə kimi qarşıya qoyulub.
Olimpiadanın Təşkilat Komitəsi Gənclər və İdman Nazirliyi tərəfindən Gənclər və İdman Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Təhsil Nazirliyinin və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafına Dəstək Fondunun nümayəndələrindən formalaşdırılır.
İştirakçılar 14-16 yaş arasında olmalıdır və müstəsna hal kimi 14 yaşdan kiçik olan yeniyetmələr də iştirak etmə hüququna malikdirlər. Bu olimpiadanın qalibləri nəzərdə tutulmuş diplomlar və qiymətli hədiyyələrlə mükafatlandırılacaq, beynəlxalq və dünya fənn olimpiadalarında iştirak etmək şansını qazanacaqlar.
Həqiqət İSABALAYEVA