Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dünyanın gənc alim və tədqiqatçıları Bakıya toplaşacaq


26-31 may tarixlərində dünyanın gənc alim və tədqiqatçıları Bakıya toplaşacaq. Hələlik isə Dünya Gənc Alimlərinin Bakı Forumuna hazırlıq işləri davam edir. Təşkilat Komitəsindən qeyd edilib ki, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin birgə nümayəndə heyəti –  İlqar Orucov,  Samir Kazımov və Ruslan Rəhimli mart ayında Macarıstanın paytaxtı Budapeşt şəhərində səfərdə olublar.
 
Səfər çərçivəsində Avropa Gənc Alim və Tədqiqatçılar Şurasının (EURODOC) illik toplantısında iştirak edilib, eyni zamanda Bakı Forumuna hazırlıq işləri çərçivəsində bir sıra görüşlər, təqdimatlar keçirilib. Macarıstan Elmlər Akademiyası və Avropa Gənclər Mərkəzində keçirilmiş görüşlərdə AGAAMC-nin sədri İlqar Orucov və İdarə Heyətinin üzvü Ruslan Rəhimli Dünya Gənc Alimlərinin Bakı Forumunun məqsədi, qarşıya qoyulan vəzifələr haqqında gənc alim və tədqiqatçılara geniş məlumatlar veriblər. Qeyd olunub ki, Bakı Forumu gənc alim və tədqiqatçıları bir ayara gətirəcək dünya əhəmiyyətli bir tədbir olmaqla böyük əhəmiyyətə malikdir.
 
 
Dünyanın yüzdən artıq ölkəsindən 500 alim və tədqiqatçının iştirak edəcəyi tədbir gənc alim və tədqiqatçıların qarşılıqlı elmi müzakirələri, əməkdaşlığı üçün əlverişli imkanlar yaradacaq. Eyni zamanda dünya və azərbaycanlı gənc alimlər birgə elmi tədqiqatlar aparmaq üçün şanslar qazanacaqlar, elmdə inteqrasiya prosesləri daha da genişlənəcək.
 
Avropa Gənclər Mərkəzində (Budapeşt) keçirilən tədbirdə "Eurodoc"un prezidenti Slobodan Radiçev Bakı Forumunun veb-səhifəsinin
(www.bakuworldscienceforum.com)  təqdimatını keçirdi. Avropanın 35 ölkəsinin gənc alim və tədqiqatçıları iştirak etdiyi təqdimat mərasimində Radiçev Bakı Forumuna hazırlıqlarla bağlı öz təklif və tövsiyələrini verdi.
 
Həqiqət İSABALAYEVA




04/04/14    Çap et